QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

AMEA-da Böyük Qayıdışla bağlı komissiya yaradılıb

Həbibbəyli bildirib ki, "Böyük Qayıdışa dair I Dövlət Proqramı" Qarabağ və Şərqi Zəngəzurda bu günə qədər aparılan geniş quruculuq işlərinin məntiqi davamıdır
Sputnik
BAKI, 23 noyabr — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Böyük Qayıdışa dair I Dövlət Proqramı" ilə bağlı komissiya yaradılıb.
Bu barədə akademiyanın Rəyasət Heyəti qərar qəbul edib.
Qərarla Böyük Qayıdışa dair I Dövlət Proqramında AMEA-nın üzərinə düşən vəzifələrdən irəli gələrək Tədbirlər Planının hazırlanması məqsədilə akademik İsa Həbibbəylinin sədrliyi ilə komissiya yaradılıb.
İ.Həbibbəyli bildirib ki, "Böyük Qayıdışa dair I Dövlət Proqramı" Qarabağ və Şərqi Zəngəzurda bu günə qədər aparılan geniş quruculuq işlərinin məntiqi davamıdır, strateji hədəflərə çatmaq üçün, eləcə də bundan sonra həyata keçiriləcək tədbirlərin mükəmməl yol xəritəsidir.
Xatırladaq ki, Prezident İlham Əliyev noyabrın 16-da "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sənəddə deyilir:
"Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılıb. İşğal dövründə bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılıb, milli-mədəni irsimiz məhv edilib, təbii sərvətlərimiz talan edilib, iqtisadiyyata əhəmiyyətli zərər vurulub, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlamış və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib.
Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülmüşdür.
Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.
İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli Prioritetlərə əsaslanan "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir".