Bakı şəhəri 45 nömrəli tam orta məktəbin keçmiş direktoru 34 nömrəli tam orta məktəbə direktor təyin edilib.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, Bakı şəhəri 45 nömrəli tam orta məktəbin (1300 şagird yerlik) sabiq direktoru Axundova Nəcibə Novruz qızı 34 nömrəli tam orta məktəbin (523 şagird yerlik) direktoru vəzifəsinə yerdəyişmə edilib.
Xatırladaq ki, bir müddət əvvəl N.Axundovanın rüşvət istəməsi ilə bağlı səs yazısı yayılmışdı. Ötən ay BŞTİ açıqlama yayaraq bildirib ki, Bakı şəhəri 45 nömrəli tam orta məktəbin direktorunun bir müddət öncə ictimailəşən səs yazıları və məktəbin pedaqoji kollektiv üzvlərinin müvafiq instansiyalara müraciəti əsasında aparılan araşdırma nəticəsində təhsil müəssisəsinin rəhbəri Nəcibə Axundovaya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.