BAKI, 21 noyabr — Sputnik. Mövcud potensialdan yararlanmaqla elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payını 2026-cı ildə 24%-ə, 2030-cu ildə isə 30%-ə çatdırmaq hədəfi çərçivəsində cari ilin yanvar-mart aylarında Azərbaycanın enerji tarixində ilk dəfə olaraq xarici investisiya əsaslı külək və günəş elektrik stansiyalarının təməli qoyuldu. Bu istiqamətdə 240 MVt gücündə Xızı-Abşeron KES və 230 MVt gücündə Qaradağ GES layihələri üzrə hazırda işlər davam etdirilir.
Ölkəmizdə energetika sahəsində xarici investisiya əsaslı ilk layihələr çərçivəsində tikiləcək bu stansiyaların istismara verilməsi nəticəsində ildə 1,5 mlrd. kVt·st elektrik enerjisinin istehsalı, 330 mln.m3-dən çox təbii qaza qənaət edilməsi, 600 min tondan çox karbon emissiyasının qarşısının alınması gözlənilir.
Stansiyanın əməkdaşı Günəş panellərindəki fotoelektrik elementlərin vəziyyətini yoxlayır
© Sputnik / Кирилл Брага
/ Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən Azərbaycanda külək enerjisi ilə bağlı vəziyyətə dair Sputnik Azərbaycanın sorğusuna cavab olaraq bildirilib.
Agentlikdən verilən məlumatda bildirilib ki, hazırda BP şirkəti ilə Cəbrayılda illik, təxminən, 500 mln. kVt·st elektrik enerjisinin istehsalı proqnozlaşdırılan 240 MVt gücündə Şəfəq günəş elektrik stansiyasının inşası üzrə danışıqlar gedir:
“710 meqavatlıq bu layihələrdən əlavə “Masdar” şirkəti ilə quruda və dənizdə ilkin mərhələdə 4 QVt gücündə, növbəti mərhələdə isə 6 QVt gücündə günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi ilə bağlı tarixi razılaşmalar əldə olunub”.
Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının XXVII İqlim Dəyişikliyi Konfransı, adətən UNFCCC Tərəflərinin Konfransı və ya COP27 olaraq adlandırılan İqlim Dəyişikliyi Konfransında alternativ enerji mənbələrinin potensialı müzakirə olunub.