CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücüləri yeni cəzalar gözləyir - Qanuna dəyişikliklər yollarda nəyi dəyişəcək?VİDEO

Elməddin Muradlı deyir ki, indiyədək Bakı Nəqliyyat Agentliyi qanunsuz olaraq sürücülərə xüsusi texniki vasitələrlə elektron cərimə tətbiq edib.
Sputnik
BAKI, 22 noyabr — Sputnik. "Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilir. Bu dəyişikliklə maksimal sürəti saatda 50 kilometrdən çox olan nəqliyyat vasitələri dövlət qeydiyyatına alınacaq. Həmçinin trisikl və kvadrisiklər dövlət qeydiyyatına alınacaq. Həmçinin Azərbaycan qanunvericiliyində dayanma və ya durma qaydalarının pozulması ilə bağlı qaydaya da dəyişiklik edilir. Başa dəyişikliklə nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə onun 10 gün ərzində dövlət qeydiyyatından keçirilərək uçota alınması tələbi də nəzərdə tutulur. Bəs görəsən yol hərəkəti ilə bağlı dəyişikliklərdə daha nələr nəzərdə tutulub?
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Yol hərəkəti haqqında" qanuna dəyişikliklərdə vacib amillər var. Bunlardan biri sürəti saatda 50 kilometrdən çox olan nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınmasıdır:
"Hazırda maksimal sürəti 50 kilometrdən çox olan nəqliyyat vasitələrinə yol hərəkəti pozuntusuna görə hər hansı cəza tədbiri tətbiq edilmir. Onlar yollarda " at oynadırlar". Amma dəyişikliklə konstruktiv maksimal sürəti saatda 50 kilometrdən çox olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyat nişanı ilə təmin edilməsi təklif edilir. Bu çox vacib amildir. Mopedlər qayda pozarkən onların dövlət nömrə nişanı kamera vasitəsilə qeydə alınacaq, buna görə cərimə tətbiq ediləcək. İndiyə qədər bu mümkün deyildi. Çünki, onların dövlət nömrə nişanı yox idi".
E. Muradlı bildirib ki, Bakıda moped sürücüsülərinin hərəkəti qəzalara yol açır: "Bu, ədalətli yanaşmadır. Necə ki, biz piyada, sürücü kimi qaydanı pozduqda cərimələniriksə, bu qayda moped sürücülərinə də şamil olunmalıdır. Moped sürücülərinin qayda pozarkən cəza tədbirlərindən kənar qalması düzgün deyil".
Dayanma və ya durma qaydalarının pozulması ilə bağlı qaydaya dəyişikliyə gəlincə, ekspert bildirdi ki, indiyədək Bakı Nəqliyyat Agentliyi qanunsuz olaraq sürücülərə xüsusi texniki vasitələrlə elektron cərimə tətbiq edirdi: " Amma artıq bu dəyişikliklə dayanma və ya durma qaydalarının pozulması ilə bağlı bütün növ inzibati xətalara görə məsuliyyətin foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrdən istifadə edilməklə elektron qaydada tərtib edilən qərarlar əsasında müəyyən edilməsi qaydası təsbit olunub".
E. Muradlının fikrincə, burada da müəyyən yumşaldıcı məqamlar olmaldıır. Onun sözlərinə görə, dayanma-durmaya görə cərimə tətbiq edilərkən bəzi məqamlar nəzərə alınmalıdır: "Əgər sürücü nişanın təsir dairəsində dayanaraq hərəkətə mane olmursa, ona cərimə yazılması düzgün deyil. Amma piyada keçidlərinin üzərində, ikinci-üçüncü cərgədə avtomobilini saxlayan sürücülərə cərimələrin tətbiqi daha ədalətlidir. Burada ziddiyətli məqamların da olacağı qaçılmazdır. Bəzən nişan kameranın əhatə dairəsinə düşmür. Bu zaman sürücü həmin nişanın göstərilməsini tələb edəcək. Onda məsələ məhkəmə predmeti olacaq. Avtomobilin nişanın təsir dairəsində saxlanılıb-saxlanılmadığını sübut etmək çətin olacaq".
Nəqliyyat məsələləri üzrə hüquqşunas Ərşad Hüseynov isə deyir ki, dayanma və durma qaydalarının pozulması ilə bağlı sürücülər barəsəində elektron qərarların tətbiqi ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə dəyişiklik parlamentdə qəbul olunarsa, dayanma və durma qaydaları pozulduqda da kamera vasitəsilə foto və ya video çəkiliş edilməklə sürücü barəsində elektron qərar tərtib ediləcək:
"Məlumat üçün deyim ki, belə bir dəyişiklik layihəsi təxminən bir il əvvəl MM-in plenar iclasında müzakirəyə çıxarıldı, hətta birinci oxunuşdan da keçdi. Amma daha sonra bu layihədən heç bir soraq gəlmədi. Özü də həmin layihə zərf halında idi. Həm dayanma və durma ilə bağlı bəzi məsələlərin dəqiqləşdirilməsi üçün "Yol hərəkəti haqqında" Qanuna, həm də inzibati məsuliyyətə cəlb etmə ilə bağlı İXM-ə dəyişiklik layihəsi var idi. Haqqında danışılan həmin layihədir, yoxsa yox, bu barədə heç nə deyilmir.
Layihə mətni əlimizdə olmadığından dəqiq nəsə demək çətindir. Yəqin ki, bu layihə İXM-də nəzərdə tutulmasa da, son bir neçə ildə kameralar vasitəsilə dayanma və durma qaydalarını pozmaya görə cərimə yazılmasını qanuniləşdirməyə yönəlib. Lakin bəzi başqa məqamlara aydınlıq gətirilmədən dayanma və durma qaydalarını pozmanın bütün hallarına görə elektron qərarla cərimə tətbiqi ciddi mübahisələr doğuracaq. Məsələ burasındadır ki, Bakıda və ölkəmizin digər yaşayış məntəqələrində dayanma və durmanın qadağan edilməsi məsələsində çoxlu anlaşılmazlıqlar var.
Minlərlə yol sahəsi var ki, orada belə bir qadağanın olduğu qeyri-müəyyəndir, hətta ən peşəkar və diqqətli sürücü də bu səbəbdən səhv edə bilər. Söhbət xüsusən 3.27 və 3.28 nişanlarının qoyulması və onların qüvvədə olma sahəsi ilə bağlıdır. Ona görə də hesab edirəm ki, dayanma və durma qaydalarını pozmanın bütün hallarına görə elektron qərarla cərimə tətbiqi hələ çox tezdir və çoxlu mübahisələr yaradacaq. İndiki mərhələdə elektron qərarla rəsmiləşdirmə dayanma və durma qaydalarını pozmanın ən aşkar və heç bir mübahisə doğurmayan hallaraına – ikinci və sonrakı cərgələrdə dayanmaya, səkilərdə, piyada keçidlərində, yolayrıcında kəsişmə yerində dayanmaya görə tətbiq edilsə, daha doğru olar".
Ə. Hüseynov deyir ki, ikinci məsələ isə konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyat nişanı ilə təmin edilməsi ilə bağlıdır. Onun fikrincə hər iki məsələ "Yol hərəkəti haqqında" Qanunda (27-ci maddənin müvafiq olaraq II və IV hissələrində) indi də əksini tapıb və bunlardan ötəri hər hansı dəyişikliyə zərurət yoxdur.
Məlumat üçün onu da xatırladaq ki, dünən Bakıda avtomobil mopedlə toqquşub. Hadisə "20 Yanvar" dairəsi istiqamətində baş verib. Hadisə zamanı mopedin sürücüsü, sol istiqamətdən hərəkət edən avtomobilə yol verməyib və nəticədə onlar toqquşublar.