BAKI, 22 noyabr — Sputnik. Türkiyə Suriya və İraqdakı hava əməliyyatı ilə bağlı Rusiya Federasiyasını əvvəlcədən xəbərdar etməyib. Suriya ilə bağlı Astanada keçiriləcək görüşdə məsələ müzakirə olunacaq. Gərginliyin artmasına yol vermək olmaz. Moskva Suriya ərazisinə endirilən zərbələr fonunda Ankaranı təmkin nümayiş etdirməyə çağırır.
Bunu Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.
"Biz türk həmkarlarımızı Suriyanın təkcə şimal və şimal-şərq bölgələrində deyil, bütün ərazilərində gərginliyin artmasının qarşısını almaq üçün müəyyən təmkin nümayiş etdirməyə çağıracağıq", - deyə Lavrentyev Astanada Suriya ilə bağlı danışıqların 19-cu raundunun əvvəlində bildirib.
Onun sözlərinə görə, bütün maraqlı tərəflərlə bu göstərici üzrə iş davam etdirilməlidir.
Lavrentyev qeyd edib ki, Türkiyə Suriya və İraqdakı hava əməliyyatı ilə bağlı Rusiya Federasiyasını əvvəlcədən xəbərdar etməyib. Məsələ Astanada Suriya ilə bağlı görüş zamanı müzakirə olunacaq.
"Ümid edirik ki, türk tərəfdaşlarımızı Suriya ərazisində həddindən artıq güc tətbiq etməkdən çəkinməyə inandıracağıq", - deyə Rusiya prezidentinin xüsusi nümayəndəsi bildirib.
Ankara bundan əvvəl Suriyanın şimalında qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriya qanadına qarşı hava əməliyyatı keçirib - Kobani şəhərinə, eləcə də İraqın şimalına zərbələr endirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatı uğurlu adlandırıb və onun ardınca quru əməliyyatının keçiriləcəyini istisna etməyib. Türkiyənin müdafiə Naziri Hulusi Akar Suriya və İraqda iki günlük əməliyyatlarda 184 yaraqlının məhv edildiyini açıqlayıb.