BAKI, 22 noyabr — Sputnik. Qazaxıstan 2023-cü ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 1,5 milyon ton neft göndərməyi planlaşdırır.
Bu barədə "KazMunayQaz" SC-nin İdarə Heyətinin sədrinin iqtisadiyyat və maliyyə üzrə müavini Dauren Karabayev brifinqdə bildirib.
"Hazırda biz danışıqlar aparırıq, çünki "KazMunayQaz" və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında Bakı-Tbilisi-Ceyhan kəməri ilə 1,5 milyon ton neftin nəqlinə dair 5 illik müqavilə imzalanıb.
Yalnız Qazaxıstan neft şirkətlərindən hansının gələn ildən bu həcmləri (1,5 milyon ton neft - red.) nəql edəcəyini müəyyən etmək qalır. Gələcəkdə həcmlərin artacağını gözləyirik. Çünki bunda təkcə biz deyil, Azərbaycan da maraqlıdır", - deyə Karabayev bildirib.
Bundan əvvəl Qazaxıstanın Energetika Nazirliyinin rəhbəri Bolat Akçulakov ölkəsinin alternativ marşrutlar vasitəsilə neft ixracını artıracağını bildirib. O cümlədən, Azərbaycan vasitəsilə neft tədarükünün 6-6,5 milyon tona çatdırılması nəzərdə tutulub.