BAKI, 22 noyabr — Sputnik. Özbəkistanın və Çinin hakimiyyət orqanları Əfqanıstanda hakimiyyətə gələn Taliban hərəkatına (terrorçuluq fəaliyyətinə görə BMT-nin sanksiyaları altındadır) qarşı vahid mövqenin inkişaf etdirilməsinin tərəfdarıdır. Bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Daşkənddə Özbəkistan prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi İsmətulla İrqaşev Çin Xarici İşlər Nazirliyindəki həmkarı Yue Siaoyun ilə danışıqlar aparıb, Əfqanıstan böhranının sülh yolu ilə həlli və bu ölkəyə operativ şəkildə humanitar və digər yardımların göstərilməsi müzakirə edilib.
"Tərəflər qeyd ediblər ki, Əfqanıstanın yeni hakimiyyət orqanlarına münasibətdə dünya birliyinin vahid mövqeyini inkişaf etdirmədən kəskin sosial və humanitar böhranı həll etmək, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına kömək etmək mümkün olmayacaq", - XİN-in məlumatında deyilir.
Əfqanıstanda enerji, nəqliyyat və logistika sektorlarında müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinin vacibliyi qeyd edilib.
"Əfqan məsələsi üzrə Özbəkistan və Çinin xüsusi nümayəndələri səviyyəsində məsləhətləşmələrin davam etdirilməsində qarşılıqlı maraq ifadə olunub", - məlumatda qeyd edilib.
Ötən il avqustun əvvəlində Taliban Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirdi, avqustun 15-də Kabilə daxil oldu və ertəsi gün müharibənin başa çatdığını elan etdi. Avqustun son iki həftəsində ABŞ hərbçilərinin mühafizəsi altında olan Kabil hava limanından Qərb ölkələrinin vətəndaşları və onlarla əməkdaşlıq edən əfqanlar kütləvi şəkildə təxliyə edildilər. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək, ABŞ-ın Əfqanıstandakı təxminən 20 illik hərbi mövcudluğuna son qoydu. Həmin ilin sentyabrın əvvəlində ilk Taliban hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışmış və 2001-ci ildən BMT sanksiyaları altında olan Məhəmməd Həsən Axundun rəhbərlik etdiyi Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi açıqlanıb.