BAKI, 22 noyabr — Sputnik. Görkəmli Azərbaycan bəstəkarı, dünya musiqisində simfonik muğam janrının banisi Fikrət Əmirovun doğum günündə onun övladları, qohumları, dostları və həmkarları öz xatirələrini bölüşmək və onun xatirəsini ehtiramla yad etmək üçün Fəxri Xiyabanda toplaşıblar.
Fəxri xiyabanda Fikrət Əmirovun xatirəsi anılıb
© Sputnik / Kemale Aliyeva
Bu il onun 100 yaşı tamam olacaqdı. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bəstəkarın yubileyi ölkəmizdə və onun hüdudlarından kənarda bir sıra tədbirlərlə qeyd olunur. Bu əlamətdar tarix UNESCO-nun 2022-2023-cü illər üçün yubileylər proqramına da daxil edilib. Noyabrın 3-də Parisdə, təşkilatın baş qərargahında azərbaycanlı ustadın doğum günü qeyd edilib.
Mədəniyyət nazirinin müavini Vaqif Əliyev bəstəkarın məzarını ziyarət edərkən qeyd edib ki, Əmirovun opera, balet, simfoniya, mahnı və romansları Azərbaycan xalqının mədəni sərvətləri xəzinəsinin qızıl fondunda xüsusi yer tutur.
Fəxri xiyabanda Fikrət Əmirovun xatirəsi anılıb
© Sputnik / Kemale Aliyeva
Xalq artistləri Frangiz Əlizadə, Fərhad Bədəlbəyli və bir çox tanınmış simalar yubilyarla bağlı xatirələrini bölüşüblər. Fərhad Bədəlbəyli qeyd edib ki, Əmirov uşaqlıqda tez-tez onlara baş çəkib, onun üçün ifa edib, məsləhətlər verib.
"Fikrət əmi ilə bağlı çoxlu xatirələrim var. O, yaddaşımda inanılmaz daxili gücə malik, ziyalı, ləyaqətli və dürüst insan kimi qalıb. Sevinirəm ki, onun musiqisi indi bütün dünyada səslənir", - deyə Bədəlbəyli qeyd edib.
Fərhad Bədəlbəyli
© Sputnik / Kemale Aliyeva
Əmirovun övladları iştirak edənlər arasında olub: iki qızı - Afət Xəlilova, Sevil Əmirova və oğlu Cəmil Əmirov. Bəstəkarın kiçik qızı Sevil Əmirova atasını tələbkar, xeyirxah, müdrik və diqqətli insan kimi xatırlayır. O, təkcə ailəsinə deyil, kənar adamlara münasibətdə də belə olub.
"Onu hər zaman hərarətlə xatırlayıram. Bizə çox şey verib, həyatda bizə yol göstərib. Mən özüm də musiqiçiyəm. Əvvəl Bülbül adına İxtisaslaşdırılmış Musiqi Məktəbini, sonra konservatoriyanı bitirmişəm. Sonra uzun müddət dərs demişəm. Düşünürəm ki, atam uşaqlıqdan bizdə musiqi istedadını hiss etdiyindən, övladlarını bu yola göndərmək qərarına gəlib. O, müəllim və iş seçimində bizə həmişə köməklik edib", - deyə Əmirova "Sputnik Azərbaycan"a bildirib.
O, bəstəkarın bütün əsərlərini sevir, çünki hər biri, öz sözləri ilə desək, ruhunda iz buraxır. Onlardan biri də 1953-cü ildə, doğulduğu zaman premyerası olan "Sevil" operasıdır. Məhz bu səbəbdən Əmirov kiçik qızına əsərinin qəhrəmanının adını qoymağa qərar verib.
"Prezidentimiz İlham Əliyevə minnətdaram. İlin əvvəlindən ölkəmizdə və xaricdə atamın yubileyinə həsr olunmuş nəhəng konsertlər, tamaşalar və digər tədbirlər keçirilir. Bütün bunlar bizə xoşdur və mədəniyyətimiz üçün vacibdir", - deyə Əmirova bildirib.
Sevil Əmirova
© Sputnik / Kemale Aliyeva
SSRİ xalq artisti 1922-ci il noyabrın 22-də Gəncədə Şuşadan olan məşhur musiqiçi - Məşədi Kərbəlayi Cəmil Əmirovun ailəsində anadan olub. Gəncə Musiqi Texnikumunun tar sinfində, sonra Bakı Musiqi texnikumunun bəstəkarlıq sinfində təhsil alıb. 1939-cu ildə Bakı Konservatoriyasına daxil olub, burada Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin tələbəsi olub.
Bəstəkar müxtəlif janrlarda çoxlu sayda əsərlər yazıb. Onun ən məşhur simfonik əsərləri "Azərbaycan kapriççiosu", "Gülüstan - Bayatı-Şiraz", "Nəsimi əfsanəsi", orkestr ilə skripka və fortepiano üçün konsert və s - dir. "Səhər", "Böyük dayaq", "Arşın mal alan", "Mən ki, gözəl deyildim", "Sevil", "Dünya əfsanələri" kimi filmlərin musiqi müəllifi olub.