BAKI, 21 noyabr — Sputnik. Son aylarda Azərbaycana gətirilən ərzaqlıq buğdanın qiyməti ucuzlaşıb.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, oktyabr ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 569,15 manat təşkil edib. Sentyabr ayı ilə müqayisədə bu qiymət 27 manat və ya 4,5 faiz azdır. İyul ayı ilə müqayisədə isə bu rəqəm 127 manat aşağıdır. İyul ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 696,53 manat olub.
Bəs, dünyada buğdanın ucuzlaşması Azərbaycanda un və çörəyin qiymətinə təsir edəcəkmi?
Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, ərzaq təhlükəsizliyi çərçivəsində Azərbaycan buğda idxalını artırıb: "Buğda qida rasionumuzda ciddi paya malikdir. Dünyada baş verə biləcək kataklizmlərə reaksiya vermək üçün Azərbaycan anbar ehtiyatlarını formalaşdırmalıdır. Ehtiyatlar, hətta bir neçə aylıq idxal olmasa belə daxili tələbatı ödəyə biləcək səviyyədə olmalıdır".
Buğda qiymətlərinə gəlincə, ekspert bildirib ki, artıq bir neçə aydır dünya bazarında buğda ucuzlaşır: "Xüsusən iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan "Taxıl sazişi"ndən sonra buğda kəskin ucuzlaşıb. Düzdür, ötən illə müqayisədə 10-11 faizlik artım qalsa da, lakin qiymətlərin pik həddən 30-40 faiz aşağı düşməsi müşahidə edilir. Dünyada ucuzlaşan buğdanın Azərbaycanın çörək bazarında hiss edilməsi vacibdir. Ancaq dünyada ucuzlaşan buğdanın Azərbaycan bazarına çatması üçün bir neçə ay vaxt tələb olunur. Çünki buğdanın xaricdən alınması, gətirilməsi, anbarlara yığılması, mağazalara çatdırılması 2-3 ay vaxt aparır. Bu baxımdan Azərbaycanda buğdanın, unun qiymətlərinin ucuzlaşması lazımdır".
"Dövlət bu sahəyə ciddi nəzarət edir, baxmayaraq ki, un, çörək tənzimlənən qiymətlərə daxil deyil. Bu sahədə yeni qiymətlərin formalaşdırılması üçün hökumətin tövsiyələr verməsinin zamanı yetişir. Yəni, buğda dünyada bahalaşanda biz bunu hiss etdik, ucuzlaşanda da hiss etməliyik", - deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, hökumətin yerli buğda istehsalçılarına verdiyi dəstək kifayət qədərdir: "Ancaq Azərbaycanın iqlim şəraitinə, yararlı torpaqların azlığına görə, ölkədə keyfiyyətli ərzaqlıq buğda istehsalı ciddi problemdir. Hazırda yerli istehsal ölkədə ərzaqlıq buğda tələbatının 25 faizini ödəyir. Amma qarşıdakı dövrlərdə bir sıra tədbirlərin həyata keçirilməsi nəticəsində bu rəqəmin 75 faizə çatdırılması planlaşdırılır. Lakin ümumiyyətlə, biz həmişə taxıl idxalından asılı olacağıq".
Qeyd edək ki, Azərbaycana buğda idxalı kəskin artıb. Belə ki, 10 ayda Azərbaycana 330 milyon 9 min dollar dəyərində 956 min 274 ton buğda idxal edilib. Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, buğda idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 34%, miqdar ifadəsində 7,4% artıb.
10 ayda ölkədə buğda istehsalı isə azalıb. Belə ki, bu il respublikada 1 milyon 736 min 87 ton buğda istehsal edilib. Bu da ötən ilin 10 ayı ilə müqayisədə 7,9 faiz azdır.
Çörəyin çəkisinə nəzarət məqsədilə mütəmadi monitorinqlər aparılır
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlak bazarında çörəyin faktiki çəkisi ilə etiketdə göstərilən çəkinin uyğunluğuna nəzarət edilməsi istiqamətində monitorinqlərini davam etdirir. Çörəyin qablaşdırılmasında çəkinin göstərilməsi və faktiki çəkinin etiketdə göstərilən çəkiyə uyğunluğuna əməl edilməsi ilə bağlı Dövlət Xidməti tərəfindən iri çörək istehsalçıları və ticarət şəbəkələrinin rəhbərlərinə müraciət göndərilib və qanunvericiliyə riayət olunması tələb edilib.
Mövcud qanunvericiliyə əsasən, istehlakçıların malların, işlərin və ya xidmətlərin miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüququ var. Satıcı (istehsalçı) məhsulların kütləsi və ya çəkisi, əsas ölçüləri, həcmi və miqdarı barədə istehlakçılara düzgün məlumat verməlidir. Əks halda, istehlakçıların aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manata, vəzifəli şəxslər min beş yüz manatdan iki min manata, hüquqi şəxslər isə dörd min manatdan altı min manatadək məbləğdə inzibati qaydada cərimə edilir.
Dövlət Xidməti un və çörək satışı bazarında monitorinqlər aparır
Qeyd etmək lazımdır ki, Azərbaycanda ərzaqlıq buğda, un və çörəyin qiyməti tənzimlənən tariflərlə deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq, tələb-təklif əsasında və ərzaqlıq buğdanın dünya bazarındakı (o cümlədən, əsas idxal bazarlarındakı) qiymətinə görə formalaşır. "Sahibkarlıq fəaliyyəti haqqında" Qanuna əsasən, sahibkarlar öz məhsulları (işləri, xidmətləri) üçün qiymətləri sərbəst müəyyən edirlər.
Bununla belə, dünya ərzaq bazarında qiymətin artımı fonunda ölkəmizdə un və çörəyin qiymətində manipulyasiyalara yol verilməməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qanunamüvafiq tədbirlər həyata keçirir. Belə ki, Dövlət Xidməti əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymət formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparır.
Xatırladaq ki, avqust ayında Azərbaycanda un və çörəyin qiyməti bahalaşıb. 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 5 qəpik qalxaraq 55 qəpik, 600 qramlıq çörək 65 qəpik (əvvəl 60 qəpik), 650 qramlıq çörək isə 70 qəpik (əvvəl 65 qəpik) olub. 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi 40,70 manat müəyyən edilib. Bundan öncə isə 50 kq-lıq bir kisə unun topdansatış qiyməti 35,9 manat idi.
Həmin dövrdə dünyada baş verən iqtisadi proseslər, ərzaqlıq buğdanın əsas istehsalçısı və ixracatçısı olan Rusiya və Ukrayna arasında baş verən münaqişənin yaratdığı problemlər, tədarük riskləri, ərzaqlıq buğda ixracında məhdudiyyətlər, dünya bazarında ərzaqlıq buğdaya tələbin yüksəlməsi qiymət artımına səbəb olub. Bu və digər amillər Azərbaycanda da un və çörəyin qiymətinə təsir göstərib.