RUSİYA

Azərbaycan Rusiya Uşaq Cərrahlarının VIIl forumunda təmsil olunub

Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq cərrahlığı kafedrasının assistenti Namiq Xəlilov tədbirin işçi iclaslarında və Rusiya uşaq cərrahlarının hesabat seçkisində iştirak edib.
Sputnik
BAKI, 22 noyabr - Spurnik. Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq cərrahlığı kafedrasının assistenti Namiq Xəlilov Rusiya Uşaq Cərrahları Assosiasiyasının dəvəti ilə Rusiya Uşaq Cərrahlarının VIIl forumuna qatılıb.
ATU-dan Azərtac-a bildirilib ki, forum Moskva şəhərində keçirilib. Uşaq cərrahiyyəsinin aktual problemlərinə həsr olunan forumda “Bunu necə edə bilərəm?” mövzusunda videosessiya, eyni zamanda dəyirmi masa, master-klaslar və simpoziumlar keçirilib.
Azərbaycan Rusiya Uşaq Cərrahlarının VIIl forumunda təmsil olunub
Forumun plenar iclasında açılış sözü ilə S.Ternovski adına mükafatın laureatı, professor V.Novojilov, G.Bayirovun 100 illiyinə həsr olunan film təqdimatı ilə professor A.Podkamenev, yenidoğulmuşların cərrahiyyəsinə həsr olunan mövzularla isə professorlar D.Morozov və A.Kotin məruzə ediblər.
Forum çərçivəsində “Abdominal cərrahiyyə”, “Aşağı axınlı damar malformasiyalarının diaqnostikası və müalicəsi”, “Neonatal dövrdə olan uşaqlarda mədə-bağırsaq traktının nadir anomaliyaları”, “Pediatriya praktikasında osteosintezin ağırlaşmaları”, “Koloproktologiyada mürəkkəb xəstə”, “Torakal cərrahiyyə”, “Pediatriya praktikasında neyroortopediya”, “Spontan pnevmotoraks”, “Kombustiologiyada innovativ texnologiyalar”, “Uşaqlarda sümüklərin və yumşaq toxumaların irinli-iltihabi xəstəlikləri” və “Hipospadiya” mövzular müzakirə olunub.
Cərrahiyyə əməliyyatı, arxiv şəkli
Dəyirmi masada “Ağır diafraqma yırtığı”, “Uşaqlarda yalançı oynaqların müalicəsində problemlər”, “Rusiyada uşaq cərrahiyyəsinin tədrisi”, “Mexanik və termik zədələrin nəticələri olan xəstələrdə çapıq əleyhinə terapiya”, “Botulotoksin uşaq proktologiyasında”, “Uşaqlarda endoskopiya imkanları” mövzularında master-klaslar təqdim olunub.
ATU-nun təmsilçisi Namiq Xəlilov forumun işçi iclaslarında və Rusiya uşaq cərrahlarının hesabat seçkisində iştirak edib.
Rusiya Federasiyasının bütün bölgələrinin və MDB ölkələrinin nümayəndələrinin qatıldığı, gənc alimlərin elmi-tədqiqat işlərinin ənənəvi müsabiqəsi ilə yekunlaşan forum innovativ ideyaların və texnologiyaların geniş təbliğinə, yerli mütəxəssislərin beynəlxalq peşəkar məkana inteqrasiyasına öz töhfəsini verib.