Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun Füzuli, Şuşa, Xocavənd, Tərtər və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.
Sputnik
BAKI, 22 noyabr — Sputnik. Noyabrın 22-si saat 10:35-dən 14:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bundan başqa, noyabrın 22-si saat 09:17-dən 14:48-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Füzuli, Şuşa, Xocavənd, Tərtər və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.
Bu istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Xatırladaq ki, noyabrın 21-i saat 22:10-dan saat 23:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Astaf və Tovuz rayonunun Koxanəbi yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bundan başqa Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd və Füzuli rayonları istiqamətlərində yerləşən mövqeləri də noyabrın 21-i saat 16:50-dən noyabrın 22-si saat 01:05-dək fasilələrlə atəşə tutulub.