TƏHSİL

Şagirdlərlə bağlı hazırlanan sənəddə çatışmazlıqlar var

Valideynlər yeni qaydalarda uşaq hüquqlarını pozan xeyli sayda bəndin olduğunu söyləyirlər.
Sputnik
BAKI, 21 noyabr — Sputnik. Elm və Təhsil Nazirliyi tərəfindən "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" və "Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat" hazırlanıb. Yeni sənədə görə, şagirdlər çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqalla dərsə gələ bilməzlər. Qaydalarda birmənalı qarşılanmayan məqamlar da yer alıb. Şagirdlər tədris binasının koridorlarında qaçmamalı, dəhliz və pilləkənlərin sağ tərəfi ilə hərəkət etməlidirlər. Məktəb daxilində yüksək səslə danışmamalıdırlar.
Çox ağır qayda pozuntuları bəndində isə qeyd edilib ki, şagird dərsdən və ya olduğu məkandan (dəhliz, həyət və s.) uzaqlaşdırılır, bir neçə dəfə dərsdən sonra "məktəbdə saxlanılır", qırmızı xəbərdarlıq məktubu şagirdin şəxsi işində saxlanılır və UTİS-də qeyd edilir. 5-ci səviyyə üçün müəyyən olunmuş yekun intizam tədbirləri isə aşağıdakılardır: "Sinifdə qalmaq (davamiyyət və/və ya akademik göstəriciləri çox aşağı olduqda) məktəbin dəyişdirilməsi, məktəbdən xaric etmə, şagird haqqında YYÇİ (Yetkinlik Yaşına Çatmayanlarla İş ) və hüquq müdafiəsi üzrə komissiyaya (və ya yerli Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla prof laktik işlərin təşkili şöbəsinin inspektorlarına) üzrə məlumat verilməsi".
Valideynlərin fikrincə, məktəblilərlə bağlı hazırlanan davranış qaydalarında onların uşaq olduğu bəzi məqamlarda nəzərə alınmayıb. Valideyn Günel Salmanova deyir ki, uşaqların koridorda qaçmaması barədə tələb isə gülməlidir: "Dərsdə 45 dəqiqə oturan uşaq dəhlizdə qaça bilər. Uşaqlar robot deyil axı həmişə sağla hərəkət etsinlər. Mən bir valideyn kimi uşağın dərsdən sonra saxlanılması, məktəbdən uzaqlaşdırılmasının da əleyhinəyəm. Məktəb hərbi və xüsusi rejimli müəssisə deyil. Uşaqlar məktəbi sevməlidirlər ki həvəslə getsinlər. Yeni qaydalar isə uşaqların dərsə getmək həvəsini azaldır".
Digər valideynlər isə uşaqların davranışları barədə məlumatın elektron sistemə salınmasının əleyhinədir. Valideyn Günlar Səfərova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, UTİS-də olan məlumatlar uşaq digər məktəbə yerdəyişdikdə də görünür. Ona görə də, uşağa qırmızı kart verilməsi, onun davranışı ilə bağlı məlumatların elektron sistemə yüklənməsi doğru deyil: "18 yaşına qədər onlar uşaq hesab edilir. Uşaqla bağlı məktəbin, müəllimin verdiyi rəy obyektiv olmaya da bilər. Uşaqlara rəngli kartlar verməsi onlar arasında ayrıseçkiliyə səbəb olacaq. Bu qaydalarda uşaqların hüquqlarını pozan xeyli sayda bəndlər var ki, onlar ləğv edilməlidir".
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son vaxtlar şagirdlərin davranış qaydalarında ciddi problemlər müşahidə olunur. Bu isə tədris prosesinə pis təsir edir. Həmsöhbətimiz deyir ki, məktəblərdə nizam-intizam qaydalarına nəzarəti artırmaq zəruri olsa da, naziliyin bu məqsədlə hazırladığı sənədin buna ciddi təsir edəcəyini düşünmür. K. Əsədovun sözlərinə görə, yeni qaydalar mövcud problemləri daha da artıracaq: "Çünki, yeni qaydalarda Azərbaycanın qoşulduğu konvensiyalara, mövcud qanunvericilik aktlarına ziddiyyətli məqamlar var.
"Təhsil haqqında" qanuna, "Ümumtəhsil müəssisələrinin nümunəvi nizamnaməsi"nə görə, məktəbdaxili nizam-intizam qaydaları məktəb tərəfindən müəyyən edilə bilər. Amma bu zaman şagirdin hüquq və azadlıqları məhdudlaşdırıla bilməz. Yeni qaydalara görə, şagird məktəbdən uzaqlaşdırıla bilər. Amma "Təhsil haqqında" qanunla heç bir halda şagird tədris prosesindən uzaqlaşdırıla bilməz. Həmçinin layihəni biz ayrı- ayrılıqda təhlil eləyəndə kifayət qədər suallar ortaya çıxır. Bunlardan biri intizam tənbehinin növlərini müəyyənləşdirmədir. Bilirsiniz ki, təhsil işçilərinin vahid ştat cədvəlinə görə orta təhsil məktəblərində pedaqoji heyətlə yanaşı texniki və rəhbərlik heyəti var. Pedaqoji heyət, müəllimlər, dərslərini deyib çıxıb gedirlər. Rəhbər heyət isə idarəetmədir, texniki heyət də texniki işlərlə məşğuldur. Sual yaranır ki, onda bu şagirdlərin cəzalanması üçün və yaxud da cəzanın müəyyən edilməsi üçün mexanizmi kim həyata keçirəcək? Bu problemdir".
Ekspert bildirir ki, ikinci məqamisə məktəbdə şuraların yaradılmasıdır. Onun fikrincə, intizam şuraları kifayət qədər hüququ pozmağa gətirib çıxaracaq. K. Əsədov bildirir ki, məktəblərdə minimum yüz şagird var. Ölkənin 51 faiz məktəbində isə şagird sayı iki yüzündən çoxdur. Bu zaman inzibati şuranın üzvü valideynlərin sayı az olacaq. Yaxud da direktora yaxın olan şəxslər həmin posta təyin olunacaq. Bu isə məktəbdə şagirdlərin əsassız cəzalanmasına gətirib çıxara bilər.
Həmsöhbətimiz deyir ki, layihədəki bütün intizam tənbehlərinin hər biri xəbərdarlıq xarakterlidir: "Fikrimcə, nazirlikdə kimsə bu layihəni ingilis, türk və yaxud digər dillərdən götürüb, yaxşı tərcümə edə bilməyib. Məktəbdaxili nizam intizam qaydalarından pedaqoji şurada təmsil olunanların xəbəri yoxdur. Əgər məktəbin idarəetməsində valideyn təmsil olunursa, ayrıca bir inzibati şura, İntizam Şurasının yaradılmasına ehtiyac yoxdur.
K. Əsədov bildirdi ki, layihədəki intizam tənbehlərindən biri də şagirdin məktəbdə saxlanılmasıdır: " Heç kimin ixtiyarı yoxdur ki, şagirdi dərsdən sonra məktəbdə saxlasın. Hətta hüquq mühafizə orqanlarının özü belə hər hansı bir pozuntuda əli olan şübhəli şəxsi belə üç saatdan artıq saxlaya bilməz. Tutalım, şagird məktəbdə saxlanıldı. Bəs ona kim nəzarət edəcək? Onun təhlükəsizliyinə kim zəmanət verəcək? Məktəbdə bütün otaqlarda dərslər gedir. Direktorun otağı inzibati otaqdır. Bəs cəzalandırılan şagird harada saxlanılacaq?
Ekspert hesab edir ki, ən gülünc məqam şagirdlərə kartların verilməsi ilə bağlıdır. O, deyir ki, kartların verilməsi məktəbdə ciddiyyəti aradan qaldıracaq. Həmçinin konfliktləri daha da genişləndirəcək. Hər hansı bir şagirdi cəzalandırmaqla onun şəxsiyyətini alçaldılacaq, bu da onun məktəbə, müəllimə qarşı aqressiyasını artıracaq".
Bir sözlə, ekspert hesab edir ki, bu layihə tam əsassızdır və bunun məktəblərdə işlək olması heç bir halda mümkün deyil. K. Əsədov söyləyir ki, inzibati qaydada cəzalandırma tədrisin keyfiyyətinə heç bir halda müsbət təsir göstərə bilməz. Onun qənaətinə görə, bu, ən yanlış yanaşma tərzidir:
"Sarı, narıncı, qırmızı kartın nəzərdə tutulması onu göstərir ki, məktəb tədrisi bir kənara qoyub ancaq kart göstərməklə məşğul olacaq. Bu, çox qeyri-ciddi bir məsələdir və bu dəyişikliyin həyata keçirilməsi məktəbə qarşı aqressiv münasibət yaradacaq. Həmçinin şagirdlərin şəxsiyyətini alçaldacaq. Eyni zamanda, valideynlərin də bu prosesə qoşulması məktəbdaxili münasibətləri daha da gərginləşdirəcək. Hesab edirəm ki, mövcud qanunvericiliyi daha işlək vəziyyətə gətirsək, bizim üçün daha effektivdir. Digər tərəfdən, onsuz da məktəblərdə psixoloqlar var. Psixoloqlara imkan vermək lazımdır ki, işləsinlər, psixoloji testlər aparsınlar. Psixoloji vəziyyəti gərgin olan şagirdlərlə fərdi iş aparmaq lazımdır. Amma bunu ümumi nümayişkaranə şəkildə etmək, şəxsiyyətin alçaldılmasıdır. Eyni zamanda tədris keyfiyyətinə, əsassız müdaxilələrdir ki, bu da heç bir halda müsbət effektiv nəticə verməyəcək".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirdilər ki, şagirdlərlə bağlı sənədin hazırlanması ilə bağlı Komitənin əməkdaşı müzakirələrdə iştirak edib. Komitənin Uşaq hüquqları şöbəsindən bildirdilər ki, qaydalara əsasən ümumi təhsil müəssisələrində İntizam Şurasının yaradılması nəzərdə tutulub, qayda pozuntularının səviyyələri və onları pozan şagirdlər barəsində tətbiq edilən müvafiq intizam tədbirləri müəyyənləşdirilib:
"İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi" nə əsasən dövlət ümumtəhsil məktəbində ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən pedaqoji şura hesab olunur. Pedaqoji şuranın əsasnaməsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. Nümunəvi Nizamnamədə (7.3-cü maddə) təhsilalanların vəzifələri göstərilib. Nümunəvi Nizamnamə hər ümumtəhsil müəssisəsi üçün fərdi nizamnamənin hazırlanmasında əsas hesab olunur.
Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli, 336-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında" Əsasnaməsinə uyğun olaraq komissiyalar qanunazidd əməllərin xarakterini və səbəblərini, yaşını, həyat şəraitini, qanunazidd əməlin törədilməsində iştirak dərəcəsini, habelə məişətdə və məktəbdə davranışını nəzərə almaqla "üzr istəmək", "xəbərdarlıq etmək", "açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərmək" və s. kimi intizam təsir tədbirləri növlərindən birini tətbiq edirlər.
​Təklif edilən sənəddə nəzərdə tutulan qaydaları pozmuş şagirdin psixoloqa yönləndirilməsi tədbiri məqsədəmüvafiq hesab oluna bilər. Ümumiyyətlə, qaldırılan məsələnin psixoloji aspektlərinə gəldikdə aşağıdakılar xüsusən qeyd olunmalıdır. Müəllimin dərs zamanı pedaqoji səriştəliliyinin əsas göstəricilərindən biri də sinif daxilində nizam-intizam qaydalarını yaratmaqdır. Təbii ki, burada məktəb daxilində təşkil edilmiş psixoloji işin keyfiyyəti xüsusi vurğulanmalıdır. Çünki, hər yaş dövrünün özünəməxsus xüsusiyyətləri var və şagirdlər müəyyən yaş mərhələlərindən keçdikcə həm psixoloji, həm də fizioloji baxımdan müəyyən keyfiyyətlər qazanır. Bütün bunlar onların həyat tərzinə əhəmiyyətli dərəcədə təsir göstərir.
"Təhsil müəssisələrində təşkil edilən psixoloji işin" qaydalarına uyğun olaraq psixoloji iş zamanı əsas məqsəd, şagirdlərin mənəvi-psixoloji sağlamlıqlarının dəstəklənməsi, müsbət davranış modeli formalaşdırmaqdır.​​​​​​​​​​​ Əgər şagird aqressiv davranışa meyillidirsə, tez-tez digər yoldaşlarına qarşı kobud hərəkətlər nümayiş etdirirsə, dərs zamanı diqqətini keçirilən fənnə deyil başqa yerlərə yönəldirsə, təbii ki burada məktəb rəhbərliyi bu halı aradan qaldırılması üçün müəyyən addımlar atmalıdır. Əgər məktəblərdə peşəkar psixoloji iş təşkil edilərsə, şagirdlərdə müsbət davranış modeli formalaşdırmaq olar. ​Aşırı dərs yükü, asudə vaxtının düzgün təşkil edilməməsi uşaqlarda müəyyən psixoloji narahatlığa gətirib çıxarır.
Xüsusilə də yeniyetməlik dövründə bu hallar özünü qarşı tərəfin fikirlərinə kəskin etiraz etmək, əsəbi davranışlarla göstərir. Bunun üçün də tərbiyə zamanı istifadə edilən cəzalandırma və mükafatlandırma üsullarında uşaqların şəxsi keyfiyyətlərinə, faktiki psixoloji durumuna diqqət yetirilməlidir. Çünki hədsiz qadağalar yuxarıda qeyd etdiyimiz halların daha da kəskinləşməsinə səbəb olar.​​​​​​​​"Təhsil haqqında Qanun"un 19-cu maddəsinə əsasən, "Ümumi təhsil təhsilalanların fiziki və intellektual inkişafina, zəruri biliklərə yiyələnməsinə, onlarda sağlam həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşmasına, milli və dünyəvi dəyərlərə hörmət hissinin aşılanmasına, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin müəyyən edilməsinə imkan yaratmalıdır". Qanunda ifadə edildiyi kimi, təhsil müəssisəsi yalnız müəyyən sahədə bilik, bacarıq vermək deyil, həmçinin tərbiyəvi funksiya da daşıyır.​​​
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutunun inzibati binasında ictimai müzakirə təşkil edilib. Görüşdə Elm və Təhsil Nazirliyinin, Təhsil İnstitutunun, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın, Daxili İşlər Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, UNİCEF-in, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, müəllimlər, psixoloqlar və digər qonaqlar iştirak ediblər. Müzakirədə çıxış edən Komitə nümayəndəsi sənəd layihəsinin daha da təkmilləşdirilməsini və çətin tərbiyə olunan şagirdlərlə aparılan işin səmərəliyinin artırılması məqsədilə peşəkar psixoloqların bu işə cəlb edilməsi məsələsinə diqqət yetirilməsinin mühümlüyünü bildirib".