RUSİYA

Qərb BMT vasitəsilə Rusiyadan əldə etdiyi qənimətləri qanuniləşdirmək istəyir

Moskva ələ keçirilən aktivlərin geri qaytarılması üçün əlindən gələni edəcək.
Sputnik
BAKI, 21 noyabr — Sputnik. "Demokratik qüvvələrin dəyirmi masası" İnformasiya-Analitik İnstitutunun direktoru, Belarus Konstitusiya Komissiyasının üzvü Yuri Voskresenski Qərbin Rusiyaya qarşı siyasətini şərh edib.
Bundan əvvəl BMT Baş Assambleyası Ukraynaya təzminatların ödənilməsi ilə bağlı qətnamə qəbul edib. Kremldə bu qətnamənin qəbulunu "quldurluğa cəhd" adlandırıblar. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, "bu prosesin təşkilatçıları Rusiyanın qızıl-valyuta ehtiyatlarının talanını qanuniləşdirməyə və başa çatdırmağa çalışırlar və bunu rəsmiləşdirmək üçün BMT platformasından istifadə ediblər". Moskva ələ keçirilən aktivlərin geri qaytarılması üçün əlindən gələni edəcək və ona qarşı tətbiq edilən üsulları nəzərə alacaq.
"Sputnik Belarus" radiosunun efirində Voskresenski qeyd edib ki, BMT-nin dünya siyasətinə effektli təsir vasitəsi olmaq rolu məhvə doğru gedir.
"Qətnamənin mahiyyəti soyğunçuluğun hüquqi əsaslandırılmasıdır. Rusiyanın qızıl-valyuta ehtiyatları bu küçə diplomatiyası konsepsiyası çərçivəsində pirat yolla əldə edilib.
Hazırda isə bu qənimətləri leqallaşdırmaq lazımdır. Bu səbəbdən onlar uzun müddətdir ki, dünya siyasətinə təsir vasitəsi kimi deyil, bir növ "dostlar klubu" halına gələn BMT vasitəsilə buna nail olmağa çalışdılar. Əks təqdirdə, BMT etibarlı bir söz sahibi və təsirli bir siyasi-diplomatik vasitə olsaydı, bütün perimetrdə müharibələr olmazdı. Hazırda BMT-nin qlobal təsiri yoxdur, buna baxmayaraq o, hələ də ən nüfuzlu beynəlxalq təşkilatdır", – deyə ekspert bildirib.
O vurğulayıb ki, əvvəllər Rusiya əleyhinə olan qətnamələr daha çox səs toplayırdı. Bu dəfə bir çox ölkələr səsvermədə bitərəf qalıb. Lehinə səs verənlərin sayı isə BMT üzvlərinin yarısından az olub.