HƏRBİ

Müdafiə Nazirliyi Ermənistanın iddiasını yalana çıxardı

Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.
Sputnik
BAKI, 21 noyabr — Sputnik. "Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb".
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 20-si saat 21:00-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir. Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd edilib.
Xatırladaq ki, noyabrın 18-i saat 12:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu və Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bundan başqa, saat 17:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atəşə tutulub.