BAKI, 21 noyabr — Sputnik. "Növbəti ayda daha bir qrup ailənin Ağalıya köçürülməsi planlaşdırılıb".
Bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev "Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O bildirib ki, Ağalı kəndində 200 ağıllı evin tikintisi nəzərdə tutulmuşdu:
"Onlardan 87-si tikilərək, istifadəyə verilib, 113 evdə isə təmir-tikinti işləri davam etdirilir. Hazırda Ağalıda kiçik sahibkarların yerləşdirilməsi işləri aparılır və istehsal prosesinin yaradılması planlaşdırılır. Kənd əhalisinin əksəriyyəti işlə təmin edilib".
İşğaldan azad edilmiş ərazilərdə tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi nəzərdə tutulub. Bu, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın Tədbirlər Planında əksini tapıb.
Qeyd olunub ki, 2022‒2025-ci illərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyətləri və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi ilə birgə 10 270, 2022-2026-cı illərdə isə 34 500 ailənin köçürülməsini təmin etməlidir.