BAKI, 21 noyabr — Sputnik. "Vahid Rusiya" partiyasının sədri Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə təbrik edib. Bu barədə "Vahid Rusiya" partiyasının mətbuat xidməti məlumat yayıb.
"Rusiya Federasiyası ilə Azərbaycan Respublikasını ənənəvi olaraq dostluq və əməkdaşlıq münasibətləri bağlayır. Fevralın 22-də Moskvada imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə həm ikitərəfli formatda, həm də beynəlxalq arenada tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün imkanlar açır", - Medvedev təbrik məktubunda qeyd edib.
"Vahid Rusiya" partiyasının sədri 2007-ci ildə imzalanmış Əməkdaşlıq Sazişi əsasında səmərəli inkişaf edən partiyalararası əlaqələrin səviyyəsini də yüksək qiymətləndirib və Yeni Azərbaycan Partiyasının "Vahid Rusiya" partiyasının təşəbbüsü ilə keçirilən tədbirlərdə fəal iştirakına görə təşəkkür edib. Medvedev onu da qeyd edib ki, İlham Əliyevin rəhbərlik etdiyi siyasi qüvvə Azərbaycan xalqı arasında hörmət və böyük nüfuz qazanaraq ölkənin mütərəqqi sosial-iqtisadi inkişafına mühüm töhfə verib.
"Biz dövlətlərimizin vətəndaşlarının maraqlarına cavab verən konstruktiv dialoqun davam etdiriləcəyinə ümid edirik", - deyə Medvedev yekunlaşdırıb.
"Vahid Rusiya" partiyasının mətbuat xidmətinin məlumatına görə, təbrik məktubunu Bakıda "Vahid Rusiya"nın beynəlxalq əməkdaşlıq və xaricdəki həmvətənlərə dəstək Komissiyasının sədr müavini Andrey Klimov oxuyub.