HƏRBİ

Azərbaycan Ordusu erməni silahlı dəstəsinin üzvlərinə qarşı cavab tədbirləri gördü

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun mövqeləri fasilələrlə atəşə tutulub.
Sputnik
BAKI, 21 noyabr — Sputnik. Azərbaycan ordusunun mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, noyabrın 21-i saat 10:00-dan saat 14:25-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Füzuli və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.
Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Xatırladaq ki, noyabrın 18-i saat 12:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu və Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bundan başqa, saat 17:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atəşə tutulub.