BAKI, 21 noyabr — Sputnik. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Üçüncü Komitəsinə üzv ölkələr İranda insan haqlarının vəziyyəti ilə bağlı Kanada dövlətinin təklif etdiyi qətnamə layihəsinə səs veriblər. Builki qətnamə layihəsi son həftələrdə İranda keçirilən etiraz aksiyalarının iştirakçılarına qarşı zorakılıqları pisləyib.
İranda insan haqlarının vəziyyəti ilə bağlı qətnamə layihəsi lehinə 79, əleyhinə 30 səs, 71 nəfər bitərəf olmaqla təsdiq edilib. Azərbaycan da bitərəf qalan ölkələr sırasında olub.
Sputnik Azərbaycan İrana qarşı qətnamədə Azərbaycanın tutduğu mövqe ilə politoloq Tural İsmayılovun fikirlərini öyrənib.
Politoloq bildirib ki, Azərbaycan qonşu dövlətlərlə münasibətə mehriban qonşuluq kontekstindən yanaşır:
"Azərbaycan təkcə BMT platformasında deyil, eləcə də digər platformalarda qonşuları əleyhinə olan qətnamələrə dəstək verməyib. Bu ölkəmizin sərhəd qonşuları ilə münasibətlərə nə qədər önəm verdiyini göstərir. Yəni bu təkcə İranla bağlı deyil. Həmçinin Rusiya əleyhinə də qətnamə qəbul edilərkən Azərbaycan buna qoşulmayıb".
"Bu, Azərbaycanın qonşularına qarşı dürüst mövqeyini göstərir. Amma eyni zamanda İran da daxil olmaqla dünyanın hər yerində yaşayan azərbaycanlının hüquqlarının qorunması və təmin edilməsi Azərbaycan dövlətinin marağındadır. Coğrafiyasından, yaşadığı ölkənin sistemindən asılı olmayaraq harada bir azərbaycanlı yaşayırsa, onun hüquqları tapdalanırsa, Azərbaycan dövləti həmvətənlərimizin yanında yer almalıdır. Prezident İlham Əliyev dünyanın hər bir yerində yaşayan azərbaycanlının hüquqlarının qorunması üçün əlimizdən gələnin ediləcəyini vurğulayıb", – deyə politoloq qeyd edib.