BAKI, 20 noyabr - Sputnik. Qazaxıstanda prezident seçkilərində səsvermə zamanı heç bir problem yoxdur, bütün seçki məntəqələri açıqdır, təşkilatçılıq yüksək səviyyədədir. Bunu RİA Novosti-yə Rusiya Mərkəzi Seçki Komissiyasının üzvü Yevgeni Kolyuşin deyib. Qeyd edək ki, o, beynəlxalq müşahidəçi qismində seçkilərdə iştirak edir.
Noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir. Prezidentlik uğrunda hazırkı dövlət başçısı Qasım-Jomart Tokayev də daxil olmaqla altı namizəd mübarizə aparır.
“Əla gedir, bütün seçki məntəqələri açıqdır, insanlar gəlir, ona görə də heç bir problem görmürəm”, deyə Kolyuşin bildirib.
Onun sözlərinə görə, səsvermənin təşkili yüksək səviyyədədir.
“Hiss olunur ki, bu hadisə insanlar tərəfindən ümumxalq tədbiri kimi qəbul edilir və komissiyalar fəal işləyir, digər təşkilatlar da qoşulub”, - deyə Rusiya MSK-nın üzvü bildirib.
O həmçinin qeyd edib ki, müşahidə zamanı heç bir qanun pozuntusu aşkar etməyib.
"Bu qədər çox insan olanda mütləq qayda pozuntuları olacaq, amma mən, məsələn, heç nə tapmadım", - deyə Kolyuşin bildirib.