AZƏRBAYCAN XƏBƏRLƏRİ

Ən yeni tariximizin dönüş nöqtəsi - Qarakənd faciəsi

Xocavənd rayonunun Qarakənd kəndi üzərində vertolyotun vurulması nəticəsində Azərbaycanın dövlət xadimləri, hökumət nümayəndələri, deputatlar, jurnalistlər və ekipaj üzvləri - ümumilikdə 22 nəfər həlak olub.
Sputnik
BAKI, 20 noyabr-Sputnik. Bu il göyərtəsində Azərbaycanın siyasi elitasının olduğu vertolyotun qanunsuz erməni silahlı birləşmələri tərəfindən Qarabağ səmasında vurulmasından 31 il ötür.
"Mİ-8" hərbi vertolyotu ermənilər tərəfindən 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində vurulub. Vertolyotun vurulması nəticəsində Azərbaycanın dövlət xadimləri, hökumət nümayəndələri, deputatlar, jurnalistlər və ekipaj üzvləri - ümumilikdə 22 nəfər həlak olub.
İsmət Qayıbov
Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də olub.
Osman Mirzəyev
Əvvəllər rəsmi olaraq vertolyotun dumana düşərək qayaya çırpılması fərziyyəsi səsləndirilib. Ancaq bir neçə gün sonra vertolyotun ermənilər tərəfindən vurulduğu təsdiqini tapıb. Terror aktı nəticəsində Mİ-8 hərbi vertolyotunda həlak olanların tam siyahısını təqdim edirik:
Tofiq Kazım oğlu İsmayılov - dövlət katibi
İsmət İsmayıl oğlu Qayıbov - Baş prokuror
Məhəmməd Nəbi oğlu Əsədov - dövlət müşaviri, daxili işlər naziri
Zülfi Saleh oğlu Hacıyev - Baş nazirin müavini
Vaqif Cəfər oğlu Cəfərov - millət vəkili
Vəli Hüseyn oğlu Məmmədov - millət vəkili
Osman Mirzə Hüseyn oğlu Mirzəyev - Prezident Aparatında şöbə müdiri
Qurban Hüseyn oğlu Namazəliyev - nazir müavini
İqor Aleksandroviç Plavski - DQMV-nin prokuroru
Vladimir Vladimiroviç Kovalyov - DQMV Daxili İşlər İdarəsinin rəisi
Sergey Semyonoviç İvanov - Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi
Nikolay Vladimiroviç Jinkin - fövqəladə vəziyyət rayonunun komendantı
Saylau Dasumoviç Serikov - Qazaxıstan DİN-nin müavini
Mixail Dmitriyeviç Lukaşov - milis general-mayoru
Oleq Nikoloyeviç Koçerev - polkovnik-leytenant
Rafiq Məmməd oğlu Məmmədov - dövlət katibinin köməkçisi
Alı Mustafa oğlu Mustafayev - telejurnalist
Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı
Fəxrəddin İbrahim oğlu Şahbazov - video-operator
Vyaçeslav Vladimiroviç Kotov - vertolyot heyətinin komandiri
Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü
Dmitri Borisoviç Yarovenko - vertolyot heyətinin üzvü
Alı Mustafayev
Üstündən 31 il ötməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara hələ də aydınlıq gətirilməyib.
Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb, istintaqın aparılması Respublika Prokurorluğuna verilib. Terror aktının baş verdiyi ərazinin uzun müddət işğalı altında olması üzündən cinayət işi üzrə istintaq dayandırılıb.
Allah rəhmət eləsin!