DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Akar: "Terror təşkilatının qərargahı yüksək dəqiqliklə vurulub"

Türkiyə milli müdafiə naziri bildirib ki, ölkəsi hər zaman dövlətin və xalqın təhlükəsizliyinə qəsd edənlərdən cavab tələb edib.
Sputnik
BAKI, 20 noyabr - Sputnik. Türkiyənin müdafiə naziri Hulusi Akar Suriya və İraqın şimalında keçirilən hava əməliyyatı zamanı kürd terrorçularının mağaraları, tunelləri və anbarlarının məhv edildiyini bildirib.
Bundan əvvəl Türkiyə Müdafiə Nazirliyi rəsmi Ankaranın Suriyanın şimalında və İraqın şimalında qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriya qanadına qarşı hava əməliyyatı keçirdiyi barədə məlumat yayıb.
Akar "terrorçuların sığınacaqları, bunkerləri, mağaraları, tunelləri və anbarları böyük uğurla dağıdılıb. Terror təşkilatının sözdə qərargahı da yüksək dəqiqliklə vurulub" deyib.
Onun sözlərinə görə, Türkiyə hər zaman ölkənin və xalqın təhlükəsizliyinə qəsd edənlərdən cavab tələb edib.
"Biz bunu davam etdirəcəyik", - Türkiyə milli müdafiə nazirliyinin rəhbəri bildirib.
Xatırladaq ki, Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Süleyman Soylu bildirib ki, ötən həftə İstanbulun mərkəzində törədilən terror aktının təlimatının Kobanidən gəlməsi və hadisəni törədən şəxsin Afrin şəhəri vasitəsilə Türkiyə ərazisinə daxil olması ilə bağlı şübhələr var. Bir həftə əvvəl bazar günü İstanbulun mərkəzindəki İstiklal küçəsində baş verən partlayışda 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Hücumda şübhəli bilinən şəxs saxlanılıb və o PKK ilə əlaqəsi olduğunu etiraf edib.