İQTİSADİYYAT

Bəzi fiziki şəxslərə verilən subsidiyalar gəlir vergisindən azad edilir

Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslər 1 il müddətinə mənfəət vergisindən azad olunacaq.
Sputnik
BAKI, 19 noyabr-Sputnik. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar gəlir vergisindən azad edilir.
Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Şamaxıda üzümçülük
Layihəyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyaların 2023-cü il yanvarın 1-dən 1 il müddətinə mənfəət vergisindən azad edilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan hüquqi və fiziki şəxslərin bu sahə üzrə dividend gəlirlərinin 2023-cü il yanvarın 1-dən 1 il müddətinə gəlir vergisindən azad edilməsi təklif olunur.
İstixana, arxiv şəkli
Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin iclasında deyib ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirlərinin, onlara dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyaların gəlir vergisindən azad edilməsi nəzərdə tutulur. Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslər 2023-cü il yanvarın 1-dən 1 il müddətinə mənfəət vergisindən azad olunacaq.
O, bildirib ki, Məcəlləyə müxtəlif istiqamətlər üzrə dəyişikliklər təklif olunur. Bunlardan birincisi investisiya mühitinin, o cümlədən yerli istehsalın təşviqi ilə vergi yükünün azaldılması ilə bağlıdır. Burada ən böyük həcm işğaldan azad edilmiş ərazilər üzrə vergi təşviqlərinin verilməsi barədədir.
Xatırladaq ki, məcəlləyə dəyişikliklər birinci oxunuşda qəbul edilib.