DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aşqabadda Türkmənistan-Azərbaycan-Türkiyə sammiti keçiriləcək

Sammitə hazırlıq çərçivəsində üç ölkənin xarici işlər, nəqliyyat və energetika nazirləri arasında görüşlər keçirilir.
Sputnik
BAKI, 19 noyabr - Sputnik. Aşqabad Türkmənistan, Azərbaycan və Türkiyə prezidentlərinin üçtərəfli görüşünə hazırlaşır. Bu barədə şənbə günü hökumətin rusdilli "Neytral Türkmənistan" qəzeti ölkənin eks-prezidenti, Türkmənistan parlamentinin yuxarı palatasının rəhbəri Qurbanqulu Berdiməhəmmədova istinadən məlumat yayıb.

“Türkmənistan, Azərbaycan və Türkiyə dövlət başçılarının zirvə görüşünün ölkəmizdə keçirilməsi ilə bağlı razılıq əldə olunub və biz bu görüşü ölkəmizdə təşkil etməyə hazır olduğumuzu bir daha bəyan edirik”, - deyə Qurbanqulu Berdiməhəmmədov Aşqabadda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla danışıqlarda bildirib.

Onun sözlərinə görə, sammitə hazırlıq çərçivəsində üç ölkənin xarici işlər, nəqliyyat və energetika nazirlərinin görüşləri keçirilir. Tədbirin tarixi barədə məlumat verilmir.
Bu dövlətlərin prezidentlərinin Türkmənistandakı görüşü müxtəlif səbəblərdən 2015-ci ildən təxirə salınıb. Tərəflər sonuncu dəfə 2021-ci ilin avqustunda Xəzər dənizinin Türkmənistan sahilində görüşmək barədə razılığa gəliblər. Lakin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xahişi ilə sammit bu ölkənin bir sıra bölgələrində baş verən irimiqyaslı yanğınlar üzündən təxirə salınıb.