CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqpulu, yoxsa sosial müavinət?

Sosial şəbəkə istifadəçiləri hesab edir ki, uşaqlar arasında uşaqpuluna görə ayrıseçkiliyin qoyulması doğru deyil.
Sputnik
BAKI, 18 noyabr — Sputnik. Son günlər Milli Məclisdə uşaq pulu məsələsi yenidən gündəmə gəlib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı bildirib ki, ünvanlı sosial yardım uşaqpuluna çevrilsə, dövlət büdcəsindən əlavə vəsaitə də ehtiyac olmayacaq:
"Azərbaycan dövlətinin ünvanlı sosial yardım paketi var. Ünvanlı sosial yardım paketi o ailələrə verilir ki, ailə başçılarından biri işləsin, minimum təlabata uyğun olaraq, qalan ailənin üzvləri də həmin paket vasitəsilə ehtiyaclarını ödəyə bilsinlər. Ünvanlı sosial yardıma ayrılan vəsait uşaqpulu kimi ailələrə transfer olunmalıdır. Yəni, sosial yardım ailələrə uşaqpulu şəklində verilsin".
Deputatın fikrincə, ünvanlı sosial yardımın şərtləri kifayət qədər sərtdir və bəzən ona əlçatanlıq da olmur: "Ehtiyacı olan ailələrin uşaqlarına uşaqpulu verilə və məbləğ yeni meyara uyğun olaraq hesablana bilər. Yaxşı olar ki, uşaqpulu ehtiyacı olan ailələrə verilsin. Əgər ailədə uşaq yoxdursa, kişi 500 manat əməkhaqqı alırsa, özünün və həyat yoldaşının minimum ehtiyacı tamamilə ödənilir. Bundan əlavə, bir ailədə kişi 1000 manatdan yuxarı, həyat yoldaşı isə təxminən 400-500 manat civarında əmək haqqı alırsa və evdə 4 nəfər varsa, bu ailələrin uşaqpuluna ehtiyacı yoxdur. Əgər valideynlər övladlarının sosial təminatını qarşılaya bilirlərsə, dövlət büdcəsindən onlara müavinət verilməsinə nə ehtiyac var? O ailə heç ünvanlı sosial yardım da almır. Bir sözlə bu məsələni araşdırıb, təsnifatını aparıb, ehtiyacı olan ailələrə uşaqpulu tətbiq etmək lazımdır. Bununla da ictimai müzakirələrə son qoyulur, həm də uşaqların ehtiyacları ödənilir".
Deputat xatırladıb ki, əslində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələ ətrafında müzakirələr aparır: "Amma bunu sürətləndirsə və təklif etdiyim format üzrə tətbiq edilsə, yaxşı olar. Dövlət büdcəsi hamımızındır, ona nə qədər qənaət olunarsa, bir o qədər pensiyalara, aztəminatlı ailələrə dəstək olar. Hesab edirəm ki, ehtiyacı olmayan ailələr tərəfindən də bu format anlayışla qarşılanar".
Başqa bir deputat, Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deputat Məlahət İbrahimqızı isə təklif edib ki, şəhidlərin və hərbçilərin övladlarına uşaq pulu verilməlidir.
Bəs görəsən uşaqpulunun ancaq ehtiyacı olan ailələrə, yaxud da ancaq şəhidlərin və hərbçilərin övladlarına şamil olunması nə dərəcədə düzgündür? Suala cavab axtarmazdan öncə qeyd edək ki, artıq məsələ sosial platformada müzakirə mövzusuna çevrilib. Sosial şəbəkə istifadəçiləri hesab edir ki, uşaqlar arasında uşaqpuluna görə ayrıseçkiliyin qoyulması doğru deyil.
İqtisadçı Natiq Cəfərli də Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, uşaqpuluna görə, uşaqları kateqoriyalara bölmək doğru olmaz. Bu ayrıseçkilik kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, şəhid ailələri ilə bağlı hansısa qanunların qəbulu anlaşılandır. Həmsöhbətimiz bildirdi ki, şəhid ailələrinin evlə təminatı, onlara şəhid ailəsi olduğu üçün müavinətlərin verilməsi düzgün qərardır:
"Amma uşaqpulu məsələsinə kriteriyaların müəyyənləşdirilməsi bir qədər çətindir. Burada hansı kriteriyaların olacağı sual doğurur. Çünki, ölkəmizdə rəsmi gəlirlərlə real gəlirlər arasında fərq var. Bu əsasən özəl sektor arasında müşahidə olunur. Ona görə də bunun müəyyənləşdirilməsi çətindir".
Amma ekspert deyir ki, burada istisnalar ola bilər. Qanunda uşaqpulundan könüllü imtina məsələsi əlavə edilə bilər. Onun sözlərinə görə, bununla belə ümumi qaydaların qəbul edilməsinə ehtiyac var.
İqtisadçının fikrincə, uşaq pullarının verilməsində müəyyən şərtlər qoyula bilər: "Birinci uşaq ailənin özünün planlaşdırdığı şəkildə dünyaya gəlir. Ailə ilk övladın dünyaya gəlməsinə hazırlıq görür. Amma artıq ikinci, üçüncü, dördüncü uşağı dünyaya gətirmək problem olur. Ona görə də, ailədə birinci uşaqdan sonrakı uşaqlara uşaq pulunun hər ay sabit məbləğdə verilməsi yaxşı olardı. Bu 100 manat da müəyyən oluna bilər. Bu məbləğ Azərbaycan üçün o qədər də yüksək bir məbləğ deyil. Uşaq pulu üçün təxminən 1 milyarddan bir qədər yuxarı məbləğ tələb olunur ki, bu da büdcənin təxminən 1/30 qədərdir. Ailənin ilk uşağından sonrakı uşaqlara uşaqpulunun verilməsi demoqrafik vəziyyətə də müsbət təsir edəcək. Kiminsə ehtiyacı yoxdursa, uşaqpulundan imtina da edə bilər".
Ən çox uşaqpulu Rusiyada verilir
İqtisadçı hazırda uşaq pulunun ən çox Rusiyada verildiyini vurğulayıb. Gələn il Rusiyada analıq kapitalı 500 min rubla qədər artırılacaq. Bu isə 14 min Azərbaycan manatı civarındadır. Uşaq pulu MDB ölkələrindən Qazaxıstan, Belarusiya, Ermənistanda da verilir. Hətta Gürcüstan demoqrafik vəziyyətin ağır olduğunu nəzərə alaraq belə bir proqram qəbul edib. Avropa ölkələrinin hamısında doğuşu stimullaşdırmaq üçün uşaqlara müavinət verilir.
N. Cəfərli bildirdi ki, hazırda Cənubi Qafqazda doğuşa görə ən yaxşı vəziyyət Azərbaycanda olsa da, bu göstərici günü-gündən ölkəmizdə aşağı düşür. Onun sözlərinə görə, beynəlxalq təşkilatların hesabatlarına görə, Azərbaycanda 2050-ci ilədək əhali artımının azalacağı gözlənilir: "Hazırda bu rəqəm 10 milyondursa, 2050-ci ildə 11, 2 milyon olacağı proqnozlaşdırılır ki, bu da kifayət qədər aşağı rəqəmdir".
İqtisadçı deyir ki, ailənin sosial durumuna görə uşaqpulunun verilməsi mümkün deyil. Çünki, əhalinin maaşı real gəlirlərini əks etdirmir:
"Azərbaycanda normal gəlir deklorasiyası qaydaları müəyyən edilsəydi,həmçinin ailələrin illik gəlir deklorasiyasına görə onlara vergi güzəştləri, stimullaşdırma tətbiq edilsəydi bu daha yaxşı olardı. ABŞ-da illik 20 min dollar qazanan ailələr vergilərdən azad edilir, sosial müavinətləri əldə etmək imkanına malik olurlar. Azərbaycanda isə belə bir sistem yoxdur. Xüsusilə özəl sektorda işləyənlərin gəlirlərini müəyyən edilməsi çətindir".
N. Cəfərli onu da bildirdi ki, bu gün sosial müavinət paketi altında büdcədən müəyyən müavinətlərə pul ayrılır. Amma uşaq pulu üçün sabit məbləğ müəyyənləşdirilməyib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev öz çıxışında bildirib ki, Azərbaycanda 600 min həssas uşağa yardım edilir: "Həmin həssas uşaqlar ünvanlı sosial yardım, əlilliyə görə vəsait alır və s. Bəli, həssas kateqoriyadan olan uşaqlara yardım edilməlidir və dövlətimiz o yardımı edir. Sosial yardım ünvanlı olmalıdır, nəinki ümumi".
Qeyd edək ki, nazirlik bəyan edib ki, Azərbaycanda uşaqlara "uşaqpulu" verilməsə də, uşaqlı ailələrə 14 növ sosial müavinət verilir.
O ki, qaldınövbəti ilin büdcəsinə, əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri üçün 2023-cü ilin büdcəsində 4 milyard 416 milyon manat vəsait proqnozlaşdırılır. Bu, cari ilə nisbətən 687 milyon manat və yaxud 18,4 faiz çoxdur. 2021-ci ilin göstəriciləri ilə müqayisədə isə 1 milyard 252 milyon manat və yaxud 39,6 faiz çoxdur. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət öhdəliklərinin maliyyələşdirilməsi üçün 1 milyard 468 milyon manat vəsait ayrılacaq. 2023-cü ildə sosial müavinətlər, təqaüdlər və digər sosial xarakterli ödənişlərin maliyyə təminatı üçün 2 milyard 598 milyon manat, o cümlədən, məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər üçün 367 milyon manat, əlavə məşğulluq tədbirləri üçün 266 milyon manat vəsait nəzərdə tutulub.