SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İsrail XİN Azərbaycanın bu ölkədə səfirlik açmasını tarixi qərar adlandırdı

İsrailin Xarici İşlər Nazirliyi bəyan edib ki, bu gün Azərbaycan parlamenti Azərbaycanın İsraildə, Təl-Əvivdə səfirliyinin açılması ilə bağlı tarixi qərar qəbul edib.
Sputnik
BAKI, 18 noyabr — Sputnik. Azərbaycanın İsraildə səfirlik açması tarixi qərardır.
Bu barədə İsrailin Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Bu gün (18 noyabr 2022-ci il) Azərbaycan parlamenti Azərbaycanın İsraildə, Təl-Əvivdə səfirliyinin açılması ilə bağlı tarixi qərar qəbul edib. Bu, əhalisinin əksəriyyətinin şiə olduğu müsəlman ölkəsinin İsraildə ilk səfirliyi olacaq", - məlumatda bildirilib.
İsrailin Baş naziri Yair Lapid də bundan əvvəl məsələni şərh edib.
O bildirib ki, "Azərbaycan İsrailin mühüm tərəfdaşıdır və müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinin vətənidir".
"Rəsmi Bakının İsraildə səfirlik açmaq qərarını alqışlayıram. Səfirlik açmaq qərarı iki ölkə arasında münasibətlərin dərinliyini əks etdirir. Bu addım İsrail hökumətinin müsəlman dünyası ilə möhkəm siyasi körpülər qurmaq səylərinin bəhrəsidir", - hökumət başçısı vurğulayıb.
Y. Lapid, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib və ilk dəfə İsraildə səfirlik səviyyəsində təmsil olunacaq Azərbaycan xalqını təbrik edib.
Qeyd edək ki, Azərbaycanın İsraildə səfirliyi təsis edilir. Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb. Qanun layihəsi müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.
Bundan başqa, Azərbaycan Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisini təsis edib.