BAKI, 18 noyabr — Sputnik. "Qazprom" SOCAR ilə yeni müqavilə çərçivəsində Azərbaycana qaz tədarükünə başlayıb, mart ayına qədər tədarükün həcmi 1 milyard kubmetrə qədər olacaq. Bu barədə "Qazprom"dan bildirilib.
"Noyabrın 15-də yeni qaz alqı-satqısı müqaviləsi çərçivəsində Rusiya qazının Azərbaycana tədarükü başlayıb. Sənəd "Qazprom Eksport" MMC ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanıb. Tədarük 2023-cü ilin martına qədər həyata keçiriləcək. Tədarüklərin həcmi 1 milyard kubmetrə qədər qaz təşkil edir", – "Qazprom"un "Telegram" kanalında qeyd olunub.
"Qazprom" 2000-2006-cı illərdə Azərbaycana qaz tədarük edib, lakin sonradan ölkə "Şahdəniz" yatağından Gürcüstan və Türkiyəyə ixrac üçün qaz hasilatını artırmağa başlayıb. 2017-2018-ci illərdə tədarük bərpa olunub. 2019-cu ildən "Şahdəniz"in ikinci fazasının işə salınmasından sonra Azərbaycan yenidən Rusiyadan qaz almaqdan imtina edib.
SOCAR Azərbaycanın ən böyük dövlət neft-qaz şirkətidir. Onun fəaliyyətinə neft, təbii qaz və qaz kondensatının kəşfiyyatı, hasilatı, emalı, nəqli və satışı daxildir.