TƏHSİL

Prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqənin növbəti mərhələsi keçirilib

Bu gün prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə elan edilən növbəti müsabiqənin ikinci - yazılı imtahan mərhələsi keçirilib.
Sputnik
BAKI, 18 noyabr — Sputnik. Noyabrın 18-də prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə elan edilən növbəti müsabiqənin ikinci - yazılı imtahan mərhələsi keçirilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, qurumun Müsabiqə Komissiyası tərəfindən imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında, koronaviris pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycanın Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejiminə dair qaydaların tələblərinə uyğun olaraq keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilib.
İmtahanı müvafiq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə ediblər.
Hazırkı müsabiqənin yazılı imtahan mərhələsində iştirak edən 174 namizəd (o cümlədən 37 qadın) Bakı Dövlət Universitetinin, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Naxçıvan Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının və xarici ali təhsil müəssisələrinin məzunlarıdır.
Məlumatda qeyd edilib ki, Azərbaycanın Baş Prokurorluğunun "İşin Təşkili Qaydaları"na müvafiq olaraq yazılı imtahan işləri "ikiqat yoxlama" üsulu ilə Baş Prokurorluğun Müsabiqə Komissiyası və dəvət olunmuş mütəxəssis tərəfindən yoxlanıldıqdan sonra yekun nəticələr kütləvi informasiya vasitələri ilə ictimailəşdiriləcək, eyni zamanda bu barədə Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) məlumat yerləşdiriləcəkdir.