BAKI, 17 noyabr — Sputnik. "Taxıl sazişi"nin müddəti uzadılır.
Bunu Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov deyib.
Onun sözlərinə görə, "Taxıl sazişi"nin müddəti daha 120 gün uzadılacaq.
"Ukrayna Prezidenti Volodimir Zelenski, BMT Baş katibi Antonio Quterreş, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və müdafiə naziri Hulusi Akar birlikdə ərzaq böhranına qarşı qlobal mübarizədə başqa bir vacib addım atdılar. Təşəbbüsün müddətini 1 il daha uzatmaq və Nikolayev limanını da bura daxil etmək təklifi ilə tərəfdaşlara rəsmi müraciət etdik. Birgə Koordinasiya Mərkəzinin səmərəli fəaliyyətini təmin etmək də vacibdir. Mövcud problemlərin həlli ilə bağlı təkliflərimizi veririk", - deyə nazir bildirib.
Danışıqlarla tanış olan İstanbul mənbəsi RİA Novosti-yə bildirib ki, taxıl sazişinin iştirakçıları mexanizmi daha 120 gün uzatmağa razılaşıblar.
BMT-nin baş katibi Antonio Quterreş də bildirib ki, Qara Dəniz Taxıl Təşəbbüsünün bütün üzvləri - Rusiya, Türkiyə və Ukrayna sazişin müddətinin uzadılması ilə bağlı razılığa gəliblər. “Ukraynadan taxıl, ərzaq və gübrə ixracında təhlükəsizliyi təşviq etmək üçün Qara Dəniz Taxıl Təşəbbüsünün genişləndirilməsinə dair bütün tərəflərin razılığını alqışlayıram”, - Quterreş BMT-nin saytında dərc olunan bəyanatda bildirib.
Baş katibin sözlərinə görə, taxıl təşəbbüsü ərzaq və gübrə qiymətlərinin aşağı salınması, eləcə də qlobal ərzaq böhranının qarşısının alınması üçün lazımdır. Quterreş əlavə edib ki, bu Qara dəniz razılaşması çoxtərəfli həll yollarının axtarışı kontekstində diqqətli diplomatiyanın vacibliyini nümayiş etdirməyə imkan verir.
O, həmçinin vurğulayıb ki, BMT Rusiyadan ərzaq və gübrə ixracına maneələrin aradan qaldırılması üçün əməkdaşlığa sadiqdir.
Qeyd edək ki, "Taxıl sazişi"nin müddəti noyabrın 19-da bitirdi.
İyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan "Taxıl müqaviləsi" Ukrayna taxılının, ərzaq məhsullarının və gübrələrinin Qara dəniz vasitəsilə Odessa da daxil olmaqla üç limandan ixracını nəzərdə tutur. İstanbuldakı Birgə Koordinasiya Mərkəzi (JCC) gəmilərin hərəkətinin koordinasiyasına cavabdehdir.