MƏDƏNİYYƏT

İsfar Sarabski italyanları ram etdi - Video

Musiqiçi “Warner Music Group” musiqi şirkəti ilə birgə yazdığı yeni albomundan bəstələri təqdim edib.
Sputnik
BAKI, 17 noyabr - Sputnik. Dünya şöhrətli azərbaycanlı pianoçu İsfar Sarabski öz kvarteti ilə birlikdə Romada keçirilən Beynəlxalq Caz Festivalında çıxış edib.
Burada 15 ölkədən musiqiçilər iştirak edirdi. Sarabskinin çıxışı Sala Petrassi konsert zalında baş tutub. Musiqiçi Warner Music Group (WMG) ilə birgə lentə aldığı yeni "Planet" albomunu təqdim edib. O, 2019-cu ilin dekabrında onunla müqavilə imzalayıb və buna nail olan ilk azərbaycanlı olub.
Konsertin təşkilatçıları sosial şəbəkədə "Alqışlar dənizi! Möhtəşəm ifa münasibəti ilə İsfar və onun qrupunu təbrik edirik. Tamaşaçıları fəth etdilər!", sözlərini yazıblar.
Sarabski bu proqramla artıq Fransada keçirilən Jazz à Sète caz festivalında çıxış edib və burada 82 yaşlı əfsanəvi amerikalı musiqiçi, 14 Qremmi mükafatı laureatı Herbi Henkok ilə səhnəni bölüşüb.
Pianoçu İsveç, Norveç, Fransa, Rusiya və Gürcüstanda keçirilən musiqi festivallarında iştirak edib. 2009-cu ildə Sarabski Montrö Caz Festivalının qalibi olub. Novruz, G-Man, Generation, Edge, Deja Vu, Son Şans, Agent, Now I'm Here, Buta, In Memory of V. Mustafazade bəstələrinin müəllifidir.