BAKI, 17 noyabr - Sputnik. İnsanlar arasında dərman vasitələri ilə bağlı xeyli narazılıq var. Dərman vasitələri ilə bağlı məsələlərin həllinə ehtiyac var. Hazırda hökumətdə dərman vasitələri ilə bağlı proqram hazırlanır və bu, sahədə problemlər həll ediləcək.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O bildirib ki, gələn ilin dövlət büdcəsində səhiyyə xərclərində xeyli artım nəzərdə tutulur və bunun böyük qismi icbari tibbi sığortaya yönəlib. Səhiyyənin digər sahələrində də vəsait artımı nəzərdə tutulub. Bu da işin keyfiyyətini daha da yüksəldəcək.
Deputat diqqətə çatdırıb ki, bundan öncə dövlət müəssisələrində köhnəlmiş tibbi avadanlıqların yeniləri ilə əvəz olunması məsələsi qaldırılmışdı. Artıq bu məsələ öz həllini tapmaqdadır.
"Bir qrup xəstəliklər icbari tibbi sığorta ilə əhatə olunmayıb. Onkoloji xəstəliklərin də icbari tibbi sığortaya aid edilməsi lazımdır", - deyə o əlavə edib.
Qeyd edək ki, gələn ilin büdcəsində səhiyyə sahəsinə 1,9 milyard manat vəsait ayrılması proqnozlaşdırılır. Bu, 2022-ci illə müqayisədə 11,5 faiz çoxdur.
Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.
Layihədə 2023-cü ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 1,0 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi xərcləri də ölkə tarixinin ən yüksək göstəricisidir.