HƏRBİ

Erməni silahlıları Ağdam və Xocalı ərazisində döyüş mövqelərini möhkəmləndirir - MN

Həyata keçirilən qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə Ordumuzun bölmələri tərəfindən zəruri tədbirlər görülüb.
Sputnik
BAKI, 17 noyabr - Sputnik. Noyabrın 17-si saat 09:55-dən 14:45-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin üzvlərinin Ağdam və Xocalı rayonları ərazilərində döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis tədbirləri icra etmələri Ordumuzun bölmələri tərəfindən müşahidə edilib.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, bu kimi fəaliyyətlər Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın tələblərinin kobud şəkildə pozulmasıdır.
"Həyata keçirilən qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə Ordumuzun bölmələri tərəfindən zəruri tədbirlər görülüb", - deyə məlumatda bildirilir.
Müdafiə Nazirliyi həmçinin bildirib ki, noyabrın 17-si saat 11:00-da ordumuzun bölmələri tərəfindən guya atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.
“Yayılan məlumatı qəti surətdə təkzib edirik”, - MN-in məlumatında deyilir.