CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əmlak Məsələləri Dövlət Xidməti Beyləqandakı əməliyyatla bağlı açıqlama yayıb

ƏMDX korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edir.
Sputnik
BAKI, 17 noyabr — Sputnik. Vətəndaşların və sahibkarların əmlak hüquqlarının, qanuni maraqlarının qorunması, fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sistemli və davamlı tədbirlər həyata keçirilir.
Əməkdaşlarının fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təmin edilməsi, neqativ halların aradan qaldırılması Dövlət Xidmətinin fəaliyyətində prioritet hesab edilir. ƏMDX korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edir. Qeyd edək ki, son illərdə Dövlət Xidmətinin bəzi əməkdaşlarının cinayət məsuliyyətinə cəlb olunması istiqamətində hüquq-mühafizə orqanları ilə birgə tədbirlər həyata keçirilib.
Kütləvi informasiya vasitələrində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Beyləqan Ərazi İdarəsinin əməkdaşının saxlanılması xəbəri ilə bağlı bildiririk ki, yol verilən qanun pozuntusu barədə Xidmətə daxil olmuş məlumatlar hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti hüquq-mühafizə orqanına təqdim edilib. Hazırda araşdırma aparılır.
Aparılan araşdırmanın qərəzsizliyinin və barələrində təhqiqat aparılan şəxslərin hüquqlarının təmin edilməsi, hal-hazırda təhqiqat prosesinin fəal fazada olmasını, həmçinin təqsirsizlik prezumpsiyasını əsas götürərək araşdırmanın gedişatı barədə rəsmi məlumatın səlahiyyətli orqanından gözlənilməsini məqsədəuyğun hesab edirik. Hazırkı məqamda ƏMDX tərəfindən əlavə şərhlərin verilməsi nəzərdə tutulmur.
Xatırladaq ki, bu ilin iyun ayında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və bələdiyyələrin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan cinayət işi üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Nazim Səfərov, Ucar ərazi şöbəsinin rəisi Amil Aslanov, Qazax rayonu Daş Salahlı bələdiyyəsinin sədri Asif Yusifov, Şəki rayon Qoxmuq bələdiyyəsinin sədri Etibar Eyvazov və Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Ruslan Əliyevin daha əvvəl iş üzrə cəlb edilmiş təqsirləndirilən şəxslərlə birlikdə cinayətkar fəaliyyətdə iştirak etmələri müəyyən edilib.
Həmin şəxslərin 2020-2022-ci illər ərzində Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin sektor müdiri İldırım Məmmədov və digər təqsirləndirilən şəxslərlə qabaqcadan əlbir olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair müsbət rəyin verilməsinə görə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.