BAKI, 17 noyabr — Sputnik. Hər il təxminən 15 milyon körpə vaxtından əvvəl doğulur. Bu isə təxminən o deməkdir ki, hər il 10 uşaqdan biri bu cür anadan olur. Vaxtından əvvəl doğum beş yaşadək olan uşaqlar arasında baş verən ölümlərdə aparıcı faktor olaraq qalmaqdadır. Təxminən illik olaraq bu rəqəm 1 milyondur.
ÜST-ün məlumatına görə, belə uşaqların təxminən 90 faizi 28 həftəsindən daha tez doğulur.
ÜST bildirir ki, aşağı gəlirli ölkələrlə müqayisədə yüksək gəlirli ölkələrdə belə uşaqların demək olar ki, hamısı yaşayır, hansısa həyati riskləri olmur.
Erkən həftələrdə doğumun səbəbləri nədir və bu riskləri necə qarşılamaq olar?
Mama-ginekoloq Gülnar Nuriyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ya döldə, ya da anada olan tibbi problemlər bu cür doğumlara səbəb ola bilər: "Biz anaya bağlı səbəb olduqda onun qarşısını ala, yaxud da müdaxilə edə bilərik. Ananın yaşı çox olduqda, yaxud da erkən evlilik olduqda bu zaman belə arzuolunmaz hal baş verə bilər. Bundan başqa, ananın mövcud xəstəlikləri də erkən həftələrdə doğuma səbəb olur".
O bildirir ki, uşaqlıq boynunun qısalığı, yüksək təzyiq, şəkər xəstəliyi də erkən həftələrdə, vaxtından əvvəl doğuma səbəb olur: "Bundan başqa, ananın ürək xəstəliyi varsa, bu zaman da hamiləlik erkən müddətdə sonlandırılır".
"Dünyada təxminən 10 faizədək uşaqlar erkən doğulur", - deyə o əlavə edib.
Həkim bildirir ki, xromoson anomaliyalar zamanı isə biz hansısa müdaxiləni edə bilmirik: "24-27 həftəlik erkən doğumlarda demək olar ki, çox az müdaxilə etmək mümkündür. Bu körpələr 500-700 qram olur və ölüm riski yüksək olur. 27-34 həfətlik doğulanlarda beyinə, bağırsaqlara qan sızma baş verə, müəyyən göz xəstəlikləri yarana bilir. Doğuma yaxın olan - 34-37 həftəlik doğulan körpələrin anomaliyaları, ölüm riski daha azdır".
"Erkən doğum riski varsa, bu zaman ağciyərlərin genişlənməsi üçün anaya iynə vurulmalıdır. Belə olada həyati risk daha da azalır", - deyə o əlavə edib.
Həkim bildirir ki, qız döllərlə müqayisədə erkək döllərin vaxtından əvvəl doğum riski daha yüksəkdir.
Diş xəstəlikləri də daha erkən doğuma səbəb olur
G.Nuriyeva deyir ki, diş və diş əti xəstəlikləri də erkən doğuma səbəb olan amillər sırasındadır: "Diş əti xəstəlikləri infeksiyalara səbəb olur. Qadınlardan israrla xəbərdarlıq edirik ki, hamiləlik boyunca heç bir problem olmazsa belə, diş əti və sidik yolu infeksiyaları bədəndə iltihablaşmanı artırır, dölyanı su artır və bu da erkən həftələrdə doğuma səbəb ola bilər".
"Diş və diş əti xəstəlikləri olan qadınların erkən doğum riski artır", - deyə o əlavə edib.
Bunun baş verməməsi üçün nələrə diqqət etmək lazımdır?
Həmsöhbətimiz bildirir ki, ana hamilə qalmadan ümumi müayinədən keçməlidir: "Təsadüfi hamilə qalmamaq daha məsləhətlidir. Hamiləliiy planlaşdırmaq daha tövsiyəolunandır. Planlı hamiləlik üçün normal çəki tövsiyə olunur. Nə çox az çəki, nə də artıq çəki hamiləliyi planlaşdırmaq üçün tövsiyə olunmur. Yəni, çəki faktoru da erkən doğuma səbəb ola bilər. Hamiləlikdən öncə endokrinoloji xəstəliklər, ürək, qan-damar sisteminin xəstəlikləri öyrənilməlidir, müalicə olduqdan sonra hamiləlik planlaşdırılmalıdır".
O hamiləlik dövrünü daha sakit keçirməyi tövsiyə edir: "Bundan başqa, təyin olunan vatxda həkim müayinələrinə getmək tövsiyə olunur. Bu zamna yarana biləcək problemlər daha tez, vaxtında aşkarlanacaq. Yarana biləcək ən xıda problemə görə də vaxtında müdaxilə lazımdır".
Mütəxəssis bildirir ki, hansısa risk varsa, bu zaman doğumu daha peşəkar, yüksək ixtisaslaşmş həkim qrupu həyata keçirməli və doğum yüksək ixtisaslaşmış bir xəstəxanada reallaşdırılmalıdır: "Əks halda belə körpələrin həyat risklərini 50 faizədək artırmış oluruq. Əgər başqa, xəstəxanada doğum reallaşıbsa, bu zaman küveyzlə uşağı başqa xəstəxanaya aparmaq lazımdır".
Bəs, belə analar hansı problemlərlə rastlaşırlar?
Kəmalə İsmayılova deyir ki, oğlu doğulanadək belə bir günün olmasından xəbəri yox idi: "Bala səbrsiz olub, 29 həftəliyində doğuldu. Doğulanda cəmi 1.400 kilo idi. Oğlum doğulanda həkimlər dedi ki, uşağın yaşamı və ölüm riski 50-50-dir, hər şeyə hazır olmalısan. Onlar deyirdi ki, əsas ilk gecədir, bu gecəni yola verə bilsə, yaşayacaq. Həmin o gecə mənim üçün bir əsrə bərabər oldu".
"Sonra da, əsas ilk həftədir, dedilər. Elə həmin həftənin hər günü də mənim üçün bir əsrə bərabər oldu. Bir həftə bitəndən sonra da, həkimlər dedi ki, nəsə demək çox tezdir. Yenə də ümidverici bir şey yox idi, amma ümidlərimizi öldürmürdük", - deyə o əlavə edir.
Kəmalə xanım bildirir ki, stress, depressiya ilə əlaqədar olaraq bir həftədən sonra südü kəsildi: "Əvvəllər südümü sağıb övladıma aparırdım. Sonradan isə yalnız günlük on dəqiqə də olsa onu görə bilmək üçün xəstəxanaya gedirdim. Bir gün dedilər ki, artıq evə gedə bilərsən. Amma evə getmək də problemlərin həll olunması demək deyildi. Övladım sadəcə zondla qidalana bilirdi. Həmin gün bir tibb bacısı ilə birgə evə gəldik. Onda körpəm 1,6 kq idi. Düz bir ay övladım zondla qidalandı".
"Onu o vəziyyətdə görmək mənim üçün çox ağır idi. Təsəvvür edin, kilo yarımlıq uşağı əlinə alıb yuyursan, paltarını dəyişirsən. Hər şey çox çətin idi. Südümün kəsilməyi mənə bir başqa vicdaan əzabı yaşadırdı. Amma 40 gündən sonra artıq qatışığı şüşədən yeməyə başladı. Lakin bu da körpəmə asan deyildi, 40 qram qidanı 90 dəqiqəyə yeyirdi. Artıq 7 aylıqdır, bütün çətinliklərimizi geridə qoymuşuq, o indi tam normal və sağlamdır, hətta 3 dişi də çıxıb", - deyə ana sevinclə hisslərini ifadə edir.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, neonatoloq Rüstəm Hüseynov isə belə körpələrə qulluqdan danışıb, bildirib ki, vaxtından əvvəl doğulan uşaqlar stasionardan evə yazılarkən artıq digər uşaqlar kimi adi qulluq və qayğı tələb edirlər. Lakin onların bəzi özəlliklərini qeyd etmək lazımdır: "Bu körpələr termoləbildilər, ətraf mühitin temperaturasına, körpənin geyiminə diqqət etmək lazımdır. Onların gün ərzində qidalanma sayı daha çox ola bilər. Qusma, qaytarma halları tez-tez müşahidə olunur, çəki artımına ciddi nəzarət tələb olunur".
O bildirir ki, vaxtından əvvəl doğulanlar arasında əsas problemlərdən biri tənəffüs sistemi ilə bağlıdır: "Bu körpələrdə ağciyərlərdə surfaktantın çatmazlığı, eyni zamanda beyində tənəffüsü tənzimləyən sinir mərkəzlərinin tam formalaşmaması səbəbindən yaranan hallardır. Yetkinsizlik dərin olduqca tənəffüsün ləngiməsi, hətta tənəffüs dayanması halları da qeyd oluna bilər. İmmun sistemi tam formalaşmadığı üçün infeksiyalaşma riski yüksəkdir. Bununla bağlı septiki hallar ölüm səbəbləri arasında əsas yerlərdən birini tutur".
Sinir sisteminin çatışmazlığı, anatomik quruluşu və qan dövranının xüsusiyyətləri vaxtından əvvəl doğulmuş körpələrdə beyində qansızma riskini artırır, işemik proseslərə səbəb olur: "Bu da sonradan ağır formalarda uşaq serebral iflicinə gətirə bilər. Bundan əlavə, ürək-damar hemodinamikanın xüsusiyyətlərini, mədə-bağırsaq sisteminin, qaraciyərin, sidik ifrazat sistemi orqanlarının yetkinsizliyi ilə bağlı problemləri də qeyd etmək lazımdır. Gələcək fəsadlardan görmə və eşitmə ilə bağlı pozulmaların ola biləcəyi nəzərə alınmalıdır".
"Yumşaq materialları, yun ədyalları, balışları, oyuncaqları uşağın çarpayısından götürmək tövsiyə olunur. Belə ki, bu əşyalar yenidoğulanın “qəfləti ölüm sindromu” riskini artırır. Körpə arxası (beli) üstə yatmalıdır, üzü üstə yatırmaq təhlükəlidir", - deyə o əlavə edib.
Valideynlər hər hansı bir narahatlıq, hərarətin qeyri-stabil olması, qidalanma və ifrazatda pozulmalar müşahidə edərsə, dərhal həkimə müraciət etməlidirlər: "Vaxtından əvvəl doğulanlar həkim-mütəxəssislərin (nevroloq, oftalmoloq, audioloq, psixoloq, endokrinoloq və ortoped) daimi nəzarəti altında olmalıdırlar".
Rəqəmlərə gəldikdə isə...
Avropa Yenidoğulmuş Körpələrə Baxım Fondunun (European Foundation for the Care of Newborn Infants) hesabatına görə, 1990-cı illə müqayisədə vaxtından əvvəl doğumun nisbəti təxminən beş faiz azalıb. Belə ki, 1990-cı ildə bu rəəqm 16,06 milyon, 2019-cu ildə 15,22 milyona çatıb.
Həmçinin, 1990-cı illə müqayisədə belə körpələr arasında ölüm halları da azalıb. Belə ki, 1990-cı illə müqayisədə bu rəqəmlərdə 48 faiz azalma var.
Fondun 2016-cı ildə açıqladığı məlumata görə, Azərbaycanda erkən doğulan - 5 yaşadək olan uşaqlar arasında 1200 ölüm faktı qeydə alınıb. Fond digər məlumatındaisə 2014-cü ilin rəqəminə isitnad edir və bildirir ki, qeyd olunan ildə ölkədə erkən doöulmuşların sayı 20 min 500 olub.
"researchgate"in məlumatnda qeyd olunur ki, belə dünyaya gələn - yaşı 5-dək uşaqlar arasında ölümlərə səbəb amillər sırasında erkən doğum ikinci yerdə qərarlaşıb.