MƏDƏNİYYƏT

Şuşa ilə bir neçə şəhər arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb - FOTO

Konfrans çərçivəsində tarixi şəhərlər sayılan Koreyanın Andonq, Azərbaycanın Şuşa, Perunun Kusko, Yunanıstanın isə Korinf şəhərləri arasında əməkdaşlığa dair dördtərəfli niyət protokolu imzalanıb
Sputnik
BAKI, 16 noyabr — Sputnik. Şuşa şəhəri ilə Cənubi Koreyanın Andonq, Perunun Kusko, Yunanıstanın Korinf tarixi şəhərləri arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən məlumat verilib.
Belə ki, Cənubi Koreyanın Andonq şəhərində "Tarixi Şəhərlər Liqası"nın 18-ci Dünya Konfransı keçirilib. Konfransda Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti və ölkəmizin Koreyadakı səfirliyinin məsul şəxsləri iştirak ediblər.
İki gün davam edən konfrans "İcmaya əsaslanan gələcəyə yönəlik tarixi şəhər" mövzusunda keçirilib.
Konfrans çərçivəsində tarixi şəhərlər sayılan Koreyanın Andonq, Azərbaycanın Şuşa, Perunun Kusko, Yunanıstanın isə Korinf şəhərləri arasında əməkdaşlığa dair dördtərəfli niyət protokolu imzalanıb.
Həmçinin, konfransda iştirak edən Türkiyənin Bursa şəhərinin Osmanqazi bələdiyyəsinin başçısı Mehmet Dündar və TŞL-nın baş katibi, Yaponiyanın Kyoto şəhərinin meri Daisaku Kadokava ilə də ikitərəfli görüşlər keçirilib.