BAKI, 16 noyabr — Sputnik. Rusiya qırıcıları Zaporojye vilayətində Ukraynaya məxsus Mi-8 helikopterini vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
"Son sutka ərzində operativ-taktiki və ordu aviasiyası, raket qoşunları və artilleriya qüvvələri Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayəti, "Luqansk Xalq Respublikası", Xerson vilayəti, "Donetsk Xalq Respublikası"ndakı 7 komanda məntəqəsinə, həmçinin 94 artilleriya bölməsinə, 185 rayonda atəş mövqeləri, canlı qüvvə və hərbi texnikalarına zərbələr endirib", - nazirliyin hesabatında deyilir.
Müdafiə Nazirliyinin məlumatına görə, Kupyansk istiqamətində Rusiya helikopterlərinin hücumları Ukraynanın 14-cü və 92-ci mexanikləşdirilmiş briqadalarının üç rota taktiki qrupunun hücum cəhdlərinin qarşısını alıb.
"80-dən çox ukraynalı hərbçi, 6 tank, səkkiz zirehli döyüş maşını, iki zirehli texnika və üç özüyeriyən artilleriya qurğusu məhv edilib", - Rusiya Müdafiə Nazirliyi bildirib.
Qeyd olunur ki, Rusiya hava hücumundan müdafiə qüvvələri bir sutka ərzində "DXR" və "LXR"də üç Ukrayna pilotsuz təyyarəsini, həmçinin Xerson vilayətində HIMARS və Uraqan RYAS üçün 11 mərmini vurub.
"Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi aşağıdakılar məhv edilib: 333 təyyarə, 177 helikopter, 2514 pilotsuz uçuş aparatı, 388 zenit-raket kompleksi, 6644 tank və digər zirehli döyüş texnikası, 892 reaktiv buraxılışlı döyüş maşının raket sistemləri, 3587 səhra artilleriya qurğusu və minaatan, həmçinin 7240 ədəd xüsusi təyinatlı hərbi maşın", - Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.