BAKI, 16 noyabr - Sputnik. Özbəkistan Dövlət Akademik Böyük Teatrı Bakıya qastrol səfərinə gəlib. Səfər çərçivəsində özbəkistanlı sənət ustaları bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaçılara özbək bəstəkarı Ənvər Erqaşevin “Humo” baletini nümayiş etdiriblər.
Noyabrın 17-də isə qonaqların ifasında italyan bəstəkarı Cüzeppe Verdinin “Riqoletto” operası nümayiş olunacaq.
Xatırladaq ki, “Humo” baletinin premyerası 2005-ci ildə Əlişir Nəvai adına Dövlət Akademik Böyük Teatrının səhnəsində olub.
2007-ci ildə tamaşaya yazdığı musiqiyə görə müəllif 1-ci dərəcəli Dövlət mükafatı laureatı adına layiq görülüb.
Qastrol səfərində Özbəkistanın Böyük Teatrının aparıcı solistləri, xalq artistləri, vokalçıların və balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları iştirak edirlər.
Qastrol qrupuna simfonik orkestr, solistlər, xor artistləri və balet truppası daxildir.