BAKI, 16 noyabr - Sputnik. Vətən müharibəsində tarixi qələbəmizdən dərhal sonra azad edilmiş ərazilərdə başlayan quruculuq işlərinə cari il üzrə istifadə olunmamış bəzi vəsaitlərin də bu istiqamətə sərf edilməsi ilə cəmi 9 milyard manatdan artıq vəsait yönəldilib.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, 9 milyard 700 milyon manat vəsait 3 ildə azad edilmiş ərazilərin bərpası üçün xərclənib:
"Azad edilmiş ərazilərin bərpa edilməsi ilə o torpaqlarda iqtisadi fəaliyyətin canlandırılması məqsədilə bir sıra qanun layihələri də Milli Məclisə təqdim edilib. Prezidentin azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirilməsi ilə bağlı sərəncamının həyata keçirilməsi üçün Vergi Məcəlləsinə, Əmək Məcəlləsinə, Miqrasiya Məcəlləsinə və s. dəyişikliklər hazırlanıb”.
Azad edilmiş ərazilərin bərpası üçün ayrılan xərclər
Qeyd edək ki, işğaldan azad edilən ərazilərin bərpası və böyük qayıdış planının təmin etdirilməsi 2023-cü ilin dövlət büdcəsinin layihəsində əsas istiqamətlərdəndir. Bu istiqamətdə dövlət büdcəsindən vəsait ayrılmasında ilbəil artım müşahidə olunur. 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3,0 milyard manat vəsait nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur.