İQTİSADİYYAT

Maliyyə naziri: Gələn il üçün sosialyönümlü xərclər artırılır

Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı və dayanıqlı təminatının, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini deyən nazir növbəti ildə bu istiqamət üzrə 1 milyard 202 milyon manat vəsaitin ayrılacağını deyib.
Sputnik
BAKI, 16 noyabr-Sputnik. Milli Məclisdə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunur.
Maliyyə naziri Samir Şərifov 2023-cü ilin dövlət büdcəsi haqqında geniş məlumat verib. Bildirib ki, 2023-cü il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin layihələri ölkə Prezidentinin Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair milli prioritetlərin, 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının ehtiva etdiyi məqsədlərin reallaşdırılmasına dair müvafiq sərəncamlarına və “Büdcə sistemi haqqında” qanunun tələblərinə uyğun hazırlanıb.
Layihə büdcənin neft gəlirlərindən asılılığının mərhələlərlə aradan qaldırılmasını, fiskal dayanıqlığı və borc intizamını, habelə Dövlət Neft Fondunun aktivlərinin dayanıqlı səviyyədə qorunmasını təmin etməklə yanaşı, orta müddətli sosial-iqtisadi inkişaf strategiyasında 2023-cü il üzrə qarşıya qoyulmuş hədəflərə nail olmaq imkanı yaradır.
Qeyd olunub ki, növbəti ilin dövlət və icmal büdcələrinin tərtibində İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış ölkənin sosial-iqtisadi inkişafına dair proqnoz göstəricilərində, o cümlədən 2023-cü il üzrə baza ssenaridə ümumi ÜDM-in 2,7 faizlik, qeyri-neft sektoru üzrə 4,5 faizlik real artımı, orta illik inflyasiyanın 6,9 faiz, xam neftin 1 barrelinin orta illik ixrac qiymətinin 50 ABŞ dolları olması nəzərdə tutulub
O da qeyd olunub ki, 2023-cü il və sonrakı 3 il üçün büdcə-vergi siyasətinin istiqamətləri müəyyən edilərkən ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının reallaşdırılması, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, onların ölkə iqtisadiyyatına reinteqrasiyası və işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi kimi strateji çağırışlar nəzərə alınıb.
Diqqətə çatdırılıb ki, 2023-cü ilin dövlət büdcəsinin xərcləri 33 milyard 300 milyon manat məbləğində təklif olunur. 2023-cü il və sonrakı 3 il üzrə dövlət büdcəsi müdafiə və təhlükəsizlik, dövlət borcuna xidmət və digər xərclərin təmin edilməsi ilə yanaşı, iqtisadi artımı və sahibkarlığın inkişafını dəstəkləyən, həssas və aztəminatlı əhalinin sosial müdafiəsi, elm, təhsil, səhiyyə, sosial təminat və digər sahələrdə islahatların davamını təmin edən proqram və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək. 2023-cü il dövlət büdcəsi xərclərinin 22 milyard 674 milyon manatı və yaxud 68,1 faizi cari xərclərə, 9 milyard 621 milyon manatı və yaxud 28,9 faizi əsaslı xərclərə, 1 milyard 5 milyon manatı və yaxud 3 faizi isə dövlət borclarına xidmətlə bağlı xərclərə yönəldiləcək.
Nazir Prezident, Ali Baş Komandan İlham Əliyevin ölkəmizin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsinin, ordunun daim müasirləşdirilməsinin ən önəmli vəzifələr olduğunu bildirdiyini söyləyib. Bunu nəzərə alaraq, növbəti ilin dövlət büdcəsi xərclərinin 24,2 faizi və yaxud 8 milyard 63 milyon manatı müdafiə və hüquq-mühafizə xərclərinə yönəldiləcək. Bununla yanaşı, ölkənin 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün 5 milyard 244 milyon manat, o cümlədən əsaslı xərclər üçün 4 milyard 100 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Əsaslı xərclərin 3 milyard manatı işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə, Böyük Qayıdışın təmin edilməsinə, infrastrukturun qurulmasına və digər tədbirlərə, 1 milyard 100 milyon manat isə strategiyada nəzərdə tutulmuş digər investisiya xərclərinə yönəldiləcək. Strategiyanın maliyyələşdirilməsi çərçivəsində ayrılan 1 milyard 144 milyon manat vəsait sosialyönümlü xərcləri əhatə edir.
Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı və dayanıqlı təminatının, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini deyən nazir növbəti ildə bu istiqamət üzrə 1 milyard 202 milyon manat vəsaitin ayrılacağını deyib.
Qeyd edilib ki, sosialyönümlü xərclərə 2023-cü ildə 15 milyard 219 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Cari illə müqayisədə bu, 1 milyard 289 milyon manat və yaxud 9,3 faiz çoxdur. 2021-ci illə müqayisədə isə 4 milyard 922 milyon manat və yaxud 47,8 faiz çoxdur. 2019-2023-cü illər ərzində sosialyönümlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 13,9 faiz və yaxud 7 milyard 458 milyon manat, yəni 2 dəfəyə qədər artıb. Əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri üçün növbəti ilin büdcəsində 4 milyard 416 milyon manat vəsait proqnozlaşdırılır.
Bu, cari ilə nisbətən 687 milyon manat və yaxud 18,4 faiz çoxdur. 2021-ci ilin göstəriciləri ilə müqayisədə isə 1 milyard 252 milyon manat və yaxud 39,6 faiz çoxdur. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət öhdəliklərinin maliyyələşdirilməsi üçün 1 milyard 468 milyon manat vəsait ayrılacaq. 2023-cü ildə sosial müavinətlər, təqaüdlər və digər sosial xarakterli ödənişlərin maliyyə təminatı üçün 2 milyard 598 milyon manat, o cümlədən, məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər üçün 367 milyon manat, əlavə məşğulluq tədbirləri üçün 266 milyon manat vəsait nəzərdə tutulub. Növbəti ildə yaşayış minimumu və ehtiyac meyarının məbləğləri də bərabərləşdiriləcək.
Maliyyə naziri təhsil, səhiyyə, tibbi sığorta, idman, sahibkarlığın maliyyələşdirilməsi sahələrində, habelə ölkənin enerji, qaz, su təchizatı, nəqliyyat, kommunal, kənd təsərrüfatı, sosial-mədəni təyinatlı obyektlərin və digər layihələrin maliyyə təminatı, həmçinin dövlət borclarına xidmət, beynəlxalq fəaliyyət üçün ayrılan vəsaitlər barədə də məlumat verib.
Qeyd edilib ki, dövlət büdcəsinin yerli gəlirləri 2023-cü ildə 757 milyon manat, xərcləri isə 769 milyon manat həcmində proqnozlaşdırılır.
Daha sonra Samir Şərifov 2023-cü il dövlət büdcəsi xərclərinin maliyyə təminatı barədə göstəriciləri diqqətə çatdırıb. Bildirilib ki, büdcə xərclərinin 92,2 faizi və yaxud 30 milyard 721 milyon manatının dövlət büdcəsinin müxtəlif mənbələr üzrə nəzərdə tutulmuş gəlirləri, 7,8 faiz və yaxud 2 milyard 579 milyon manatının isə dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün cəlb ediləcək vəsaitlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulub. Kəsirin ÜDM-ə nisbəti 2,4 faiz səviyyəsində proqnozlaşdırılır. Dövlət büdcəsi gəlirlərinin 14 milyard 424 milyon manatı və yaxud 47 faizi qeyri-neft sektoru üzrə daxilolmaların payına düşür. Büdcənin neft-qaz sektorundan məcmu gəlirləri 16 milyard 297 milyon manat təşkil edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 13 milyard 402 milyon manat vəsaitin, qeyri-neft sektorundan 8 milyard 385 milyon manat vəsaitin, Dövlət Gömrük Komitəsinin xətti ilə isə 4 milyard 750 milyon manatın daxil olması proqnozlaşdırılır. Sair gəlirlər üzrə 562 milyon manat, büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə 727 milyon manat vəsaitin daxil olması gözlənilir.
Bildirilib ki, növbəti il üçün icmal büdcənin gəlirləri 33 milyard 6 milyon manat, xərcləri 37 milyard 949 milyon manat, kəsiri isə 4 milyard 944 milyon manat proqnozlaşdırılır.
2023-cü ildə Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 8 milyard 991 milyon manat, xərcləri isə 11 milyard 355 milyon manat, gəlirləri və xərcləri bərabər olmaqla Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 6 milyard 264 milyon manat, İşsizlikdən sığorta fondunun büdcəsi 213 milyon manat, Naxçıvan Muxtar Respublikasının büdcəsi 646 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsi isə 2 milyard 393 milyon manat təşkil edəcək.
Qeyd edək ki, "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.
Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.
Ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində dövlət büdcəsinin qeyri-neft gəlirləri davamlı olaraq artır. 2023-cü ildə dövlət büdcəsinin qeyri-neft gəlirləri 14,4 milyard proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 5,6 faiz, 2021-ci illə müqayisədə isə 12,2 faiz çoxdur.
Bununla yanaşı, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin artımı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin azalmasına imkan yaradır. 2023-cü ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 11,3 milyard manat nəzərdə tutulur və bu da 2022-ci illə müqayisədə 237,5 milyon manat azdır. Əmtəə bazarlarında neft qiymətlərinin dəyişkənliyi nəzərə alınmaqla, daha ehtiyatlı yanaşma əsasında 2023-cü ildə dövlət büdcəsi hazırlanan zaman neftin bir barelinin qiyməti 50 ABŞ dollarına bərabər götürülüb.
Layihədə 2023-cü ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 1,0 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi xərcləri də ölkə tarixinin ən yüksək göstəricisidir.