BAKI, 16 noyabr — Sputnik. Azərbaycanda bölgələrdə çəltik biçini davam edir.
Qeyd edək ki, çəltikçilik ölkənin ərzaq təhlükəsizliyi zəncirində önəmli yer tutur və çəltik bitkisi Azərbaycanda ənənəvi becərilən bitki hesab olunur.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu il respublikanın 9 rayonunda çəltik əkini aparılıb. Çəltik əkinlərinin ümumi sahəsi 3194,25 hektar (ha) təşkil edir. 2022-ci ildə ən çox Lənkəran (802,3 ha), Ağdaş (681 ha) və Ucar (678 ha) rayonlarında çəltik əkilib.
Bu il daha çox məhsul istehsal edilib
Noyabrın 12-dək sahələrdən 11 min 548,12 ton məhsul yığılıb. Hazırda çəltik üzrə orta məhsuldarlıq 36,2 sent/ha təşkil edir. Bu, ötən ilin yekun orta məhsuldarlıq göstəricisindən 1,4 sent/ha çoxdur. Bu il respublikada 2021-ci ilə nisbətən 848 ton daha çox məhsul istehsal olunub.
Nazirlikdən bildiriblər ki, son illər respublikada çəltikçiliyin inkişafına böyük önəm verilməklə bu sahəyə dövlət dəstəyi daha da gücləndirilib, əkin sahələrinin və məhsul istehsalının artırılması ilə bağlı bir sıra zəruri tədbirlər həyata keçirilib.
Fermerlərə 360 manat subsidiya verilir
Aqrar Subsidiya Şurasının qərarına əsasən, çəltik becərilən sahənin hər hektarına görə fermerlərə 360 manat əkin subsidiyası verilir.
Bu il ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən çəltiyin yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı sortlarının yaradılması, introduksiyası, yerli şəraitə adaptasiyası və toxumçuluğunun təşkili istiqamətində tədqiqat işlərinə başlanılıb. Bu institutda "Çəltik bitkisinin seleksiyası və becərmə texnologiyası" şöbəsi yaradılıb. Həmçinin çəltiyin seleksiyası və toxumçuluğuna dair tədqiqat işlərinin aparılması üçün Lənkəran rayonu ərazisində lazımi infrastruktur yaradılıb.
2020-ci ildən Əkinçilik Elmi-Tədqiqat İnstitutunda 2020-2024-cü illər üçün çəltiyin seleksiyasına dair təsdiq olunmuş mövzu planına əsasən Lənkəran bölgəsində seleksiya tədqiqatları həyata keçirilir. Lənkəranda hər il 1,0-1,5 hektar sahədə toxumluq məqsədi ilə "Avanqard" sortunun superelit reproduksiyalı əkini aparılır və 2,5-3,0 ton elit toxumu istehsal edilərək bölgə fermerlərinə verilir.
Düyü idxalı da artıb
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, bu ilin 9 ayında Azərbaycana 36 milyon 389 min dollar dəyərində 43 min ton düyü idxal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 38,4%, həcm baxımından 19,7% çoxdur.
Onu da bildirək ki, ilin əvvəlindən düyünün qiymətində bahalaşma davam edir. Marketlərdə hazırda məsələn, bankada uzun düyünün 1 kiloqramı növünə görə 4,49-4,87 manata satılır.
Çəltiyin əkin sahəsi genişlənib
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanda çəltiyin əkin sahəsi 3,1 min hektar olub. 2021-ci ildə çəltiyin əkin sahəsi 2015-ci ilə nisbətən 2,6 dəfə, 2020-ci ilə nisbətən isə 3,3% artıb. Ötən il çəltik istehsalı 2015-ci ilə nisbətən 3,7 dəfə, 2020-ci ilə nisbətən isə 8,1% artaraq 10,7 min ton olub. Çəltiyin məhsuldarlığı 34,8 sent/ha olub. 2021-ci ildə məhsuldarlıq səviyyəsi 2015-ci ilə nisbətən 1,4 dəfə, 2020-ci ilə nisbətən isə 6,1% artıb. Düyünün 1 kiloqramının sahədən və ya topdan satış qiymətləri ötən il 1,87-2,67 manat arasında dəyişib.
Ən çox Hindistandan düyü gətirilir
Ötən il ölkəyə idxal olunmuş düyünün 64,6%-i Hindistanın, 15%-i Qazaxıstanın, 13,4%-i Rusiyanın, 4,8%-i Pakistanın, 1,7%-i Tailandın payına düşüb. 2022-ci ildə də ən çox Hindistandan düyü idxal edilib. Ölkədən ixrac olunan düyü isə çox kiçik həcmdədir. Belə ki, hər il ölkədən orta hesabla 25 ton düyü ixrac edilib.
2025-ci ildə istehsal 40 min tona çatdırılacaq
Onu da bildirək ki, 2018-ci ildə "Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı" qəbul edilib. Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda çəltikçilik ənənələrinin qorunaraq inkişaf etdirilməsinə, düyü ilə özünütəminetmə səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə, idxaldan asılılığın azaldılmasına, çəltikçilik rayonlarında yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin aqrar potensialını gücləndirəcək.
Dövlət Proqramının icrası nəticəsində 2025-ci ildə orta məhsuldarlıq 40,0 s/ha olmaqla çəltik əkini sahələri 10 min hektara, istehsalın həcmi 40 min tona çatdırılacaq.