BAKI, 16 noyabr — Sputnik. Belarus Azərbaycana müxtəlif növ vaqonlar tədarük etməyə hazırdır. Belarus KİV-lərinin məlumatına görə, bunu ölkənin baş nazirin müavini İqor Petrişenko azərbaycanlı həmkarı Əli Əhmədovla görüşündə deyib.
"Azərbaycanın tranzit potensialının intensiv artımını və yük vaqonlarına əhəmiyyətli ehtiyacı nəzərə alaraq, biz sizə müxtəlif növ vaqonlar - neft sisternlərindən tutmuş konteynerlərin daşınması üçün yük platformalarına qədər, eləcə də konteynerlərin özlərini təqdim etməyə hazırıq. Belarusun iki vaqonqayırma zavodunun imkanları bizə bunu ən qısa müddətdə etməyə imkan verir", - deyə Petrişenko bildirib.
O həmçinin qeyd edib ki, bu il keçirilən ikitərəfli tədbirlər zamanı ticarət-iqtisadi əməkdaşlığın bərabərhüquqlu və qarşılıqlı faydalı şərtlərlə genişləndirilməsinə maraq dəfələrlə təsdiqlənib.
"O cümlədən, may ayında Belarus Baş nazirinin Azərbaycana səfərinin, avqust ayında Çolpon-Atada hökumət başçılarının görüşünün, habelə iyunun 1-də keçirdiyimiz hökumətlərarası komissiyanın XII iclası zamanı biz iqtisadi müstəvidə əməkdaşlığın konkret istiqamətlərini müəyyən etdik və müvafiq sənədləri imzaladıq. Onların həyata keçirilməsinin təmin edilməsi hökumətlərarası komissiyanın vəzifələrindən biridir", - deyə Petrişenko bildirib.
Baş nazirin müavini əmin olduğunu bildirib ki, Belarus və Azərbaycanın iki ölkənin xeyrinə istifadə oluna biləcək çoxlu ehtiyatları və qarşılıqlı faydalı əməkdaşlıq sahələri var.