BAKI, 16 noyabr — Sputnik. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 17,6 milyon maska istehsal olunub. Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən istehsalda 60,9 faiz artım olub. Noyabrın 1-nə Azərbaycanda olan maska ehtiyatı 5,7 milyon ədəddir.
Qeyd edək ki, "Bakı Tekstil Fabriki" MMC-nin direktoru Səkinə Babayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizdə 5 milyondan çox tibbi maska ehtiyatı var
"Bundan əlavə, 10 milyonluq isə xammal ehtiyatımız var".
S.Babayeva qeyd edib ki, qapalı məkanlarda tibbi maska ilə bağlı tələb qüvvədən düşdükdən sonra istehsal sahəsində dəyişikliklər edilib:
"Tibbi maska strateji məhsul olduğundan, müəssisəmiz tibbi maska istehsalı üçün iki istehsal xəttini saxlayıb. Hər istehsal xətti günlük 150 min tibbi maska istehsal edir. Bu da 300 min tibbi maska deməkdir. Dünyada müxtəlif viruslar peyda olur. Bütün bunlara müəssisəmiz hazırlıqlıdır".
S.Babayeva onu da deyib ki, pandemiya dövründə müəssisədə tibbi maska istehsal edən 6 xətt fəaliyyət göstərib.