BAKI, 15 noyabr — Sputnik. Şuşa ilə Andonq, Kusko və Korinf şəhərləri arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.
Noyabrın 14-də Cənubi Koreyanın Andonq şəhərində "Tarixi Şəhərlər Liqası"nın 18-ci Dünya Konfransının açılış mərasimi keçirilib.
Konfransda Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycan Respublikasının Koreyadakı səfirliyinin məsul şəxsləri də iştirak edirlər.
Qeyd edək ki 14-16 noyabr tarixlərini əhatə edən konfrans "İcmaya əsaslanan gələcəyə yönəlik tarixi şəhər" mövzusunda keçirilir.
Konfrans çərçivəsində tarixi şəhərlər sayılan Koreyanın Andonq, Azərbaycanın Şuşa, Perunun Kusko, Yunanıstanın isə Korinf şəhərləri arasında əməkdaşlığa dair dördtərəfli niyyət protokolu imzalanıb.
Həmçinin konfransda iştirak edən Türkiyənin Bursa şəhərinin Osmanqazi bələdiyyəsinin başçısı Mehmet Dündar və TŞL-nın baş katibi, Yaponiyanın Kyoto şəhərinin meri Daisaku Kadokava ilə də ikitərəfli görüşlər keçirilib.