TƏHSİL

Şagirdlər yemək yeməyə vaxt tapmır - Tənəffüs müddəti artırılacaqmı?

Mütəxəssislər tənəffüs müddətinin şagirdlərin zehni yorğunluğunun aradan qaldırılmasına, sağlamlıqlarına təsir etdiyini söyləyirlər.
Sputnik
BAKI, 15 noyabr — Sputnik. Məktəblərdə tənəffüs müddətinin artırılması təklif olunur. Elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin efirində yayımlanan "45 dəqiqə" verilişində məktəblərin birnövbəli təddrisə tam keçidindən söz açaraq, tənəffüf vaxtının arıtılması ilə bağlı təkliflərə aydınlıq gətirib: "Orta hesabla tədris planımızda 36, 34, 29 saat dərs var. Həftədə 5 gün dərsə gəlmək istəyiriksə, sadə şəkildə 30-u 5-ə böldüyümüz zaman dərs 6 saat, yəni, 6 45 dəqiqə edir.Tənəffüsləri 5 dəqiqə artırdığımız zaman isə qidalanma problemi yaşanacaq. Yəni uşaqlar səhər saat 8-də yemək yeyib məktəbə gəlir, günortaya kimi dərsi yekunlaşdırıb nahar üçün evə getməlidir. O səbəblə bu tipli sualların cavabını ayrı-ayrı məktəb kontekstinə buraxmaq lazımdır".
E.Əmrullayev tənəffüs müddəti və dərs saatının başlaması kimi məsələlərin məktəb tərəfindən tənzimlənə biləcəyini qeyd edib: "Adətən sovet dövrü mistik müsbət formada xatırlanır, nümunə göstərilir. O dövrdə məktəblər ikinövbəli idi və buna rəğmən tənəffüs üçün 5 dəqiqə verilir. O zaman birnövbəli məktəbdə bu müddətin artırılması necə mümkün olar deyə düşünmək lazımdır. Dərslərin saat 8-də başlaması da prinsipial mövqe deyil. Əgər valideynlər və məktəbin işçiləri razılığa gəlsələr, səhər dərsə 08:30-da da başlaya bilərlər. Bu tipli müzakirələri sadəcə mərkəzləşdirilmiş formada deyil, məktəblərin özləri üçün də təşkil etmək lazımdır. Əgər tənəffüsün 5 dəqiqə deyil, 7 dəqiqə olması uyğunlaşdırıla və tənzimlənə bilərsə, niyə də olmasın?"
Şagirdlər də tənəffüs müddətinin azlığından gileylənirlər. 7-ci sinif şagirdi Kəmalə Salmanova Sputnik Azərbaycan-a bildirib ki, o birinci dərsdən sonra acır. Tənəffüs 5 dəqiqə olduğundan nəinki yemək yeyə, sanitar qovşağa belə gedə bilmir. Şagird deyir ki, məktəb bufetindən yemək almaq, növbədə dayanmaq ən azı 10 dəqiqə vaxt tələb edir. Bu zaman aldığı yeməyi yeməyə vaxt çatmır. Şagirdin sözlərinə görə, kiçik tənəffüsdə ancaq su içə və sinif dəyişə bilirlər. Böyük tənəffüsdə isə yeməklərini yeməyə güclə vaxt çatdırırlar.
Təhsil üzrə ekspert Nadir İsrafilov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəblərdə tənəfüs müddətinin artırılmasına ehtiyac yoxdur. Onun fikrincə, hazırki tənəffüs rejimi qənaətbəxşdir: "Məktəblərdə kiçik tənəffüs 5,böyük tənəffüs 10 dəqiqədir. Düzdür, bəzi ölkələrdə tənəffüs müddəti 30 dəqiqəyə qədərdir. Amma Azərbaycanda, xüsusilə Bakıda məktəblərin əksəriyyəti ikinövbəlidir. Tənəffüs müddətini uzatmaq bu baxımdan sərfəli deyil".
Ekspert bildirdi ki, tənəffüs müddətini uzatmaq məktəblərdə uşaqların davranışları ilə bağlı problemləri də artıracaq: "Tənəffüs uzun olduqda gərək şagirdlərə nəzarət daha da artırılsın. Məktəblərdə baş verənlər göstərir ki, qısa tənəfüs müddətində belə şagirdlər bir-biriləri ilə dava edirlər. Buna ciddi nəzarət olmazsa bu cür hallar daha da artar".
Təhsil üzrə Kamran Əsədov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dərslərarası tənəffüs müddəti şagirdlərin dərs prosesində iştirak saatına görə çox azdır. Onun sözlərinə görə, 5 dəqiqə tənəffüslə dərslər ardı-ardına keçirilir. Bu isə şagirdlərin yorulmasına gətirib çıxardır: "Altı 45 dəqiqə müddətində dərslərin 5 dəqiqə fasilə ilə keçirilməsi düzgün deyil. Bu müəllimlərin də səhhətinə təsirsiz ötüşmür. Çünki, elə müəllimlər var ki, ikinövbəli işləyirlər. Müəllimin 9-10 saat dərs prosesində beş dəqiqə fasilə ilə işləməsi onu yorur. Bu isə sözsüz ki, dərs keyfiyyətinə təsir göstərir".
Ekspert qeyd edir ki, 4432 orta ümumtəhsil məktəbinin bəziləri iki növbəli fəaliyyət göstərir. Tənəffüslərinin müddətinin artırılması dərs müddətinin də artırılmasına gətirib çıxardır: "Dünyanın müxtəlif ölkələrində müxtəlif üsullardan istifadə edilir. Biz sıra inkişaf etmiş ölkələrdə dərslər sat 09:00-da başlayıb 16:00-da başa çatır. Gün ərzində isə altı dərs olur. Kiçik tənəffüs 20, böyük tənəfüs isə 30 dəqiqə olur. Bəzi ölkələrdə tənəffüs müddəti 40-50 dəqiqəyədək uzanır. Azərbaycanda da şagird sıxlığı aradan qaldırılarsa tənəffüs müddətinin artırılması mümkündür. Hazırda şagirdlər tənəffüsə vaxt tapa bilmirlər. 5 dəqiqəlik tənəffüsdə heç nə yemək mümkün deyil. Bu müddət sinif dəyişməyə belə çatmır. Kiçik tənəffüs 10, böyük tənəffüs ən azı 15 dəqiqə olmalıdır. Şagirdlərin bu zaman həm yorğunluqları çıxır, həmçinin də növbəti dərsi daha yaxşı mənimsəyirlər. Ona görə də tənəffüs müddətinin uzadılması labüddür. Tənəffüsün müddətinin azlığı təhsilin keyfiyyətinə mənfi təsir edir".
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, oturaq vəziyyətdən ayağa qalxmaq, bədənin müəyyən fizioloji funksiyalarını yerinə yetirmək üçün qayda ilə dərslərin ortasında 20 dəqiqə fasilə olmaldır. Əgər tədris müəssisəsində isti qidalanma verilirsə şagird ondan istifadə etməli, ictimai qidalanma yoxdursa şagird evindən gətirdiyi yeməyi rahatlıqla yeyə bilsin: "5 dəqiqəyə uşağın boğula-boğula, tələsik yediyi qidanın onun orqanizminə bir faydası dəymir. Bəzi şagirdlər vaxt çatmadığından evdən qoyulan yeməyi tənəffüsdə yeyə bilmir. Ona görə də iki dərsdən sonra pedaqoji qaydalara görə, 20 dəqiqə tənəffüs elan olunmaldır. Bu uşaqların zehni yorğunluğunun da aradan qalxmasına imkan yaradır. Uşaqlar bu tənəffüs müddətində qida, maye qəbul edir, müəyyən fizioloji hərəkətləri yerinə yetirirlər. Böyük tənəffüsün müddəti şagirdlərin sağlamlıq, zehni qabiliyyətinə müsbət təsir edir".
İ. Əhmədov deyir ki, kiçik tənəffüs müddətinin uzadılması məktəblərin çoxu növbəli sistemlə işlədiyindən mümkün deyil. Onun sözlərinə görə, ara tənəffüslərin 5 dəqiqə olması şagirdlərin sinif dəyişməsi üçün kifayətdir.
İ. Əhmədovun sözlərinə görə, məktəblərdə qidalanma bloku yaradılmalı, böyük tənəffüs müddəti ən azı 20 dəqiqə olmalıdır ki, uşaqlar isti yeməklərdə qəbul edə, dincələ bilsinlər. Kafedra müdiri bunun şagirdlərin sağlamlığına da müsbət təsir etdiyini, uşaqları fəsd-fudla qidalanmaqdan çəkindirdiyini söyləyir.
Xatırladaq ki, sovet dövrümdə məktəblərdə kiçik tənəffüs 5, böyük tənəfüs isə 20 dəqiqə təşkil edirdi.