CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qış turizmi ilə bağlı ölkədə vəziyyət necədir?

Qusarda “Şahdağ”, Qəbələdə “Tufandağ”, Naxçıvan MR-də “Ağbulaq” qış xizək mərkəzlərində ənənəvi olaraq turistləri qəbul etməyə hazırlıq işləri aparılır.
Sputnik
BAKI, 15 noyabr — Sputnik. Turizmin əsas mövsümü yay fəsli hesab edilsə də, son illər ölkəmizdə qış turizminə də maraq artıb. Əvvəllər qış turizmi üçün xaricə üz tutan vətəndaşlar artıq bir neçə ildir ki, daxili turizmə müraciət edirlər. Əslində qış turizmi Azərbaycan üçün yeni bir sahə olsa da, artıq ölkəmizdə üç qış turizm mərkəzi fəaliyyət göstərir. Bunlar Qəbələdə yerləşən “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, Qusar rayonundakı Şahdağ Qış-Yay Turizm Kompleksi və Naxçıvanda Şahbuz rayonunun Ağbulaq kəndində fəaliyyət göstərən "Ağbulaq İstirahət Mərkəzi"dir. Bununla belə ölkəmizdə qış turizmində qiymətlər o qədər də əlçatan deyil. Bəs görəsən qış turizmi üçün əlverişli coğrafi şəraiti və iqlimi olan Azərbaycanda qış turizmində qiymətləri necə aşağı salmaq olar?
Turizm eksperti Göydəniz Qəhrəmanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizdə son illər qış turizm mərkəzlərinin sayında ciddi artım baş verməyib. Onun sözlərinə görə, qış turizmi üçün infrastrukturun yaradılması xeyli vəsait tələb etdiyindən, həmçinin mövsümi xarakter daşıdığından, əksər hallarda turizm sahəsində fəaliyyət göstərən sahibkarlar üçün cəlbedici görsənmir. Həmsöhbətimiz deyir ki, hələ də Azərbaycanda əksər qış turizm mərkəzləri ili zərərlə başa vururlar. Buna səbəb qış turizmi üçün xizək mərkəzlərinin və kanat xətlərinin qurulmasının, onların təhlükəsizlik baxımından yoxlanılmasının külli məbləğdə vəsait tələb etməsidir.
Tufandağ qar yağandan sonra
Bununla belə ekspert hesab edir ki, ölkəmizdə qış turizm mərkəzlərinin sayı artarsa, qiymətlərdə də tədricən ucuzlaşma olar. G. Qəhrəmanov bunun üçün qış turizm mərkəzlərinə yaxın gecələmə yerlərinin, hotellərin, restoranların sayının artırılmalı olduğunu söyləyir. Onun sözlərinə görə, qış turizm mərkəzlərində gecələmə yerləri çox bahadır. Bunun üçün həmin mərkəzlərə yaxın ərazilərdə azulduzlu hotellərin inşası vacibdir.
Ekspert deyir ki, ölkəmizdə qış turizmi üçün ən böyük potensial işğaldan azad edilmiş ərazilərdir: "Kəlbəcərin qış turizmi üçün böyük potensialı var. Kəlbəcərdə xizək marşrutları, kanat xətləri yaratmaq üçün əlverişli coğrafi şərait mövcuddur".
Həmsöhbətimiz deyir ki, tezliklə Kəlbəcərdə qış turizm imkanlarının yaradılması mümkün deyil. Buna müəyyən zaman lazımdır. Çünki, həmin ərazilər işğal dövründə minalanıb: "Bunun üçün əvvəl həmin ərazilər minalardan təmizlənməlidir. Çünki, turistlərin tam təhlükəsizliyi təmin edilməlidir. Bundan sonra Kəlbəcərdə böyük qış turizm mərkəzinin yaradılması mümkündür".
G. Qəhrəmanov deyri ki, Qarabağ bölgəsində yeni hava limanlarının inşası işğaldan azad edilmiş əraziləri turizm baxımından daha əlverişli edəcək: "Həmin hava limanları xarici turistlərə gələcəkdə Qarabağa birbaşa gəlmək imkanı yaradacaq. Bu isə yol xərcinin azalması, turist üçün qiymətin sərfəli olmasına gətirib çıxardacaq".
İşğaldan azad edilmiş torpaqlarımızdan əlavə Azərbaycanın qış turizmi üçün əlverişli olan digər məkanları var. Vaxtıilə Qaxda belə bir mərkəzin yaradılacağına dair məlumatlar var idi.
Qaxda yerləşən "Uludağ İstirahət Mərkəzi"ndən Sputnik Azərbaycan-a bildirdilər ki, hələki orada qış turizmi üçün infrastruktur qurmaq mümkün olmayıb: "Qaxda xizək marşrutlarının yaradılması üçün imkanlar var. Amma bunu həyata keçirməyə böyük vəsait tələb olunur. Yalnız qarlı günlərdə İlisuda belə xizək marşrutları yaradılır. Amma onun uzunluğu bu qış idman növündən peşəkar istifadə üçün elə də uyğun deyil. Kəndə gələn turistlər əyləncə məqsədilə istifadə edirlər".
Azərbaycanda qış turizm mərkəzlərinin sayının azlığı qiymətə təsirsiz ötüşmür. Şahdağ Qış-Yay Turizm Kompleksindən Sputnik Azərbaycan-a bildirdilər ki, xizəkçilər üçün keçid qiymətləri 23-28 manat arasında dəyişir. Xizək və çubuğunun qiyməti isə 16-40 manata təklif edilir. Xizək ayaqqabısı 12-20, dəbilqə 8-10, gödəkcə 10-12, şalvar isə 10-12 manatdır. "Şahdağ Hotel Spa"da qiymətlər iki nəfər üçün dekabr ayına 250 manatdan başlayır.
Dövlət Turizm Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirildi ki, ölkəmizdə hazırda 3 qış turizm mərkəzi fəaliyyətdədir. Qusarda “Şahdağ”, Qəbələdə “Tufandağ”, Naxçıvan MR-də “Ağbulaq” qış xizək mərkəzlərində ənənəvi olaraq turistləri qəbul etməyə hazırlıq işləri aparılır. Ölkəmizdə qış mövsümü hava şəraitindən asılı olaraq 10-15 dekabr tarixlərində başlayır və mart ayının sonlarınadək davam edir.
Tufandağ qar yağandan sonra
Dövlət Turizm Agentliyi tərəfindən beynəlxalq sərgi və tədbirlərdə ölkəmizin qış turizm imkanları haqqında daimi olaraq təbliğat və marketinq işləri aparılır. Şahdağ, Tufandağ və Ağbulaq kimi qış turizm destinasiyalarının təbliği əsas marketinq istiqamətləri sırasındadır. Qış turizm destinasiyalarına daha çox MDB ölkələri və Yaxın Şərq regionundan turistlər üz tuturlar. Bu istiqamətdə Avropa bazarından da turistlərin cəlb edilməsi istiqamətində işlər aparılır.
Bu ilin sentyabr ayında Azərbaycanın turizm imkanlarının Avropada tanıdılması məqsədilə Azərbaycan Turizm Bürosu tərəfindən Polşa və Çexiyada təqdimatlar keçirilib. Varşava, Krakov və Praqada tərəfdaşlarla əməkdaşlıq əlaqələrini genişləndirmək məqsədilə keçirilən tədbirlərdə Azərbaycandan turizm sənayesini təmsil edən 15-dək turizm şirkəti iştirak edib və yerli sənayə nümayəndələri ilə Polşa və Çexiyanı təmsil edən turizm şirkətləri arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilib. Qeyd etmək lazımdır ki, polşalı turistlər hazırda Avropanın qış idman bazarının əsas iştirakçılarıdır və onların ölkəmizdəki qış idman kompleksləri barəsində məlumatlılığının artırılması üzrə marketinq işləri genişləndiriləcək.
Həmçinin Avropa ölkələrində Azərbaycanın turizm potensialının tanıdılması və əməkdaşlıq imkanlarının artırılması məqsədilə 10-13 oktyabrda İsveçrənin Sürix, Avstriyanın Vyana, həmçinin Almaniyanın Münhen və Frankfurt şəhərlərində təqdimatlar təşkil edilib.
Həmçinin 7-9 noyabrda Azərbaycan nümayəndə heyəti ənənəvi olaraq dünya turizm sənayesini bir araya toplayan Londonda keçirilən Dünya Səyahət Bazarı sərgisində (“World Tourism Market”) iştirak edib. Sərgidə Azərbaycanı “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi, həmçinin hotel qrupları və turizm şirkətləri daxil olmaqla ümumilikdə 19 nümayəndə təmsil edib.
Tufandağ qar yağandan sonra
Yaxın Şərqdən də qış mövsümündə turist axınının təmin edilməsi üçün tədbirlər davam etdirilir.
Qeyd edək ki, bu ilk dəfə olaraq bu il “Flynas” hava yolu şirkəti həftədə 3 dəfə olmaqla Səudiyyə Ərəbistandan – Ər-Riyad şəhərindən qış mövsümü ərzində ölkəmizə uçuşlar həyata keçirəcək. Əlbəttə, tələbə əsasən digər hava yollarının da cəlb edilməsi planlaşdırıla bilər.