CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qırmızı kitab"dan çıxarılmalı: Siçovulun bir növü olan oxatan kirpini niyə yemək olmaz?

Durmadan sayı artan oxlu kirpinin adı Qırmızı Kitabdan çıxarılacaq. Məqsəd təbiətə dəyən zərərin qarşısını almaqdır.
Sputnik
BAKI, 15 noyabr — Sputnik. Son illərdə ən geniş yayılan gəmiricilərdən biri də oxatan kirpilərdir. Onlara həm də oxlu kirpilər deyirlər. Dünyanın bir çox ölkələri ilə yanaşı Azərbaycan da bu kirpilərin arealına daxildir.
Maraqlıdır, oxatan kirpilər əsasən hansı ərazilərdə geniş yayılıblar, dəqiq sayları varmı, onlar ziyanvericidirmi?
Sputnik Azərbaycan-ın bu və digər suallarını cavablandıran Ümumdünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov bildirib ki, adı elmi dildə Hindistan tirandazı olan bu gəmiricilər əslində ox ata bilmirlər: "Onların oxları tükün şəkil dəyişmiş formasıdır və zamanla tökülürlər. Gəmirici olduqları üçün onlar kirpi sayılmır. Çünki oxlu kirpilər həşarat yeyənlər fəslinə aiddirlər və siçovulun "qohumu", yaxud da bir başqa növü hesab olunurlar".
Yanlış mif - insanlar bilmədən səhhətlərinə zərər vururlar
Həmsöhbətimiz deyir ki, çox adam onu kirpi bilib yeyir, amma əslində bilmir ki, siçanda olan bütün xəstəliklər elə oxlu kirpidə də var: "Bəzi insanlar oxatan kirpinin afrodizyakla (cinsi istəyi artıran) zəngin olduğunu zənn etdikləri üçün onun ətini yeməyə üstünlük verirlər. Əslində, bütün bunlar yalandır, o heç də afrodizyakla zəngin deyil. Yəni, oxlu kirpi ilə siçovul eyni şeydir".
Azərbaycanda oxlu kirpinin neçə növü var?
Ümumdünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəsi qeyd edir ki, ölkəmizdə oxlu kirpinin bir növü var, o da hər yerə yayılıb, 3-4 dənə bala verir: "Əməkdaşlarımız Qobustanda qayaların arasına kamera yerləşdiriblər, onlar balaları ilə birgə dəstə-dəstə gəlirlər".
"Hirkan Milli Parkında təxminən 400-dək oxatan kirpi var. Öncəki illərlə müqayisədə sayında azalma yox, əksinə artım olub", - deyə o, əlavə edib.
Onların əsas arealı hara olub?
Həmsöhbətimiz bildirir ki, əvvəllər oxatan kirpilər əsasən Talış dağlarında yaşayıblar, lakin sonradan müxtəlif ərazilərdə də geniş yayılmağa başlayıblar: "Hələ uşaqlıq illərimdə bu gəmiricilərin oxlarını qayalıqların altından tapardıq. Sonradan Qarabağla yanaşı Naxçıvanda da bu gəmiricilər yayılıb. Xüsusən də ötən əsrin sonlarından etibarən bu gəmiricilər areallarını xeyli genişləndirməyə, bütün respublika boyu ərazilərə yayılmağa başladılar".
Elşad Əsgərov bildirir ki, ziyanı nəzərə alaraq bu gəmiricilərin qida olaraq yeyilməsinin qarşısını almaq üçün oxatan kirpilərin adları Qırmızı Kitab daxil edilib: "Arealını genişləndirən, sayı artan növün adını Qırmızı Kitaba salmırlar. Sayı artmaqda olsa da, biz 2013-cü ildə bu ziyanvericinin adını Qırmızı Kitaba saldıq ki, camaat onu yeməsin. Lakin bu da bir nəticə vermədi".
Əsgərovun sözlərinə görə, bu ziyanvericilərin "əməyi"nin nəticəsində bir neçə əsrlik ağaclar zərər görür: "İlisu qoruğunda bir neçə əsrlik ağaclar var, Bu gəmiricilər onların qabıqlarını yeyir, soğanaqlı bitkilərin kökünü çıxarır, ziyanvericilik edirlər. Vurduğu ziyan hesablanmasa da, bizim əlimizdə faktlar var ki, bu gəmiricilər necə ağaclara ziyan vurublar. Oxlu kirpi xüsusən də təsərrüfatlar üçün ziyanlıdır. Ona görə də oxatan kirpilərin adlarını 2023-cü il üçün hazırlanan Qırmızı kitabdan çıxaracağıq ki, onların sayını tənzimləyə bilək".
Maraqlıdır, adı Qırmızı Kitabdan çıxarıldıqdan sonra say necə tənzimlənəcək?
Ümumdünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəsi qeyd edir ki, oxatan kirpinin adı Qırmızı Kitabdan çıxarıldıqdan sonra onun "fəaliyyəti"ni tənzimləmək ovçuların ixtiyarına verilə bilər: "Harada ziyanvericilik etsələr, orada ov obyektinə çevrilə bilərlər. Təklifimiz budur ki, bunun üçün ovçulara lisenziya verilsin. Düzdür, oxatan kirpinin əti insan səhhəti üçün ziyanlıdır, amma ovlamaq təkcə yemək məqsədilə olmaya da bilər".
Oxlu kirpinin yeganə qənimi bəbirdir, o da Azərbaycanda azdır
İlisu Dövlət Təbiət Qoruğunun direktor müavini Azərçin Muradov isə deyir ki, oxlu qunduzlar (oxlu kirpinin bir adı da belədir - red.) çoxsaylı bala verirlər, əsas yemi isə bitkilərdir: "Bizim landşaftlarda olan müxtəlif növ arxideyalar, nadir bitkilər onların əsas yemidir. Onlar hətta nadir növlərin nəslinin kəsilməsinə, ağacların iri gövdələrini yeyərək onların qurumasına səbəb olduğundan, çox ziyanvericidir. Onu təbiətdə ovlayıb yeyən yeganə heyvan bəbirdir ki, onun da Azərbaycanda sayı çox azdır".
Həmsöhbətimiz bildirir ki, bu ziyanvericilər böyük meşə massivinin ziyan görməsinə səbəb olurlar: "Məsələn, Axar-baxar ərazisində uzun müddətdir müşahidə edirik ki, saqqız ağacı və ardıc kimi ağacların olduğu kütləvi cəngəlliklərin köküstü hissələrini dairəvi şəkildə gəmirirlər. Bu da ağacların, meşə massivinin tamamilə qurumasına səbəb olur. Sözügedən gəmiricilərin sayları sürətlə artır. Biz onların fəaliyyətinə dəniz səviyyəsində 2700-2800 metr yüksəklikdəki çəmənliklərdə rast gəlirik. Ona görə də bu növ Qırmızı Kitabdan çıxarılacaq".
Tirandaz- oxatan kirpinin vurduğu ziyanlar
Azərçin Muradov da qeyd edib ki, oxlu kirpinin ətinin faydalı olduğu barədə cəmiyyətdə yaranmış fikirlər yanlışdır: "Əslində onların siçanlardan fərqi yoxdur, onlar da virus daşıyıcılarıdırlar".
Qeyd edək ki, oxlu kirpi gəmiricilər dəstəsinin nümayəndəsidir. Onun bədəninin uzunluğu təqribən 80 santimetr, çəkisi 13 kiloqramdır. Qalın enli bədəni sıx düzülmüş qısa və uzun iynələrlə örtülüb. İynələrin uzunluğu bəzən yarım metrə çatır. Oxlu kirpinin iynələri müdafiə funksiyası yerinə yetirir, hətta onların sayı 30 minə çata bilər.
Qeyd edək ki, dünyada oxlu kirpilərin cəmi dörd növü var.