PAYTAXT XƏBƏRLƏRİ

DYP hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib

Avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına, eləcə də dövlət nömrə nişanlarının təmizliyinə nəzarət edilməlidir.
Sputnik
BAKI, 15 noyabr — Sputnik. Hazırda respublika ərazisində yağışlı hava şəraiti hökm sürür ki, bu da hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaratmaqla yanaşı, yollarda qəza riskini də əhəmiyyətli dərəcədə artırır.
Bu barədə Dövlət Yol Polisinin müraciətində bildirilir.
Qeyd olunur ki, yağışlı, çiskinli havalarda nəqliyyat vasitələrinin sürüşmə ehtimalının artması, sürücülərin görmə məsafəsinin məhdudlaşması və digər əlverişsiz hava şərtləri yol-nəqliyyat hadisəsinin baş verməsinə real zəmin yaradır:
"Mövcud hava şəraitini nəzərə alaraq, hər bir hərəkət iştirakçısı daha məsuliyyətli olmalı, yol hərəkəti qaydalarına qeyri-şərtsiz əməl etməlidir. Xüsusilə, sürücülər sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına, eləcə də dövlət nömrə nişanlarının təmizliyinə nəzarət etməli, yağış sularının yaratdığı gölməçələrdən keçərkən ehtiyatlı olmalı, ətrafdakı insanları nəzərə almalıdırlar".
"Unutmaq olmaz ki, piyadaların yağış suyu ilə isladılması qeyri-etik davranış olmaqla yanaşı, həm də inzibati məsuliyyət yaradır", - deyə bildirilib.
DYP əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də bir sıra çətinliklər yaratdığını qeyd etməklə yanaşı, təhlükəsizlik baxımından onları da məsuliyyətli olmağa çağırır, tələskənliyə yol verməməyi, səki ilə hərəkət etməyi, avtomobil yollarına çıxmamağı tövsiyə edir.