BAKI, 14 noyabr - Sputnik. Bir çox fermerlər su qıtlığından əziyyət çəkdiklərini, kanallarda su olmadığından təsərrüfatlarının məhv olduqlarını deyirlər.
Maraqlıdır, su çatışmazlığı başqa hansı coğrafi problemlərə səbəb ola bilər və problemin kökündə nələr dayanır?
Sputnik Azərbaycan-ın müsahibi, Azərbaycancan Milli Elmlər Akademiyasının Coğrafiya üzrə fəlsəfə doktotu Mirnuh İsmayılovla çaylardakı sululuğun azalmasının səbəb olacağı fəsadlardan danışaraq ölkədəki vəziyyəti dəyərləndirdik və "nə etməliyik" suallarına cavab tapmağa çalışdıq.
Elektron baza yaradılmalıdır
M.İsmayılov bildirir ki, vəziyyəti düzgün dəyərləndirmək üçün ilk olaraq elektron baza olmalıdır: "Sudan istifadənin elektron bazası yaradılacaq, desələr də hələlik ki, belə bir baza yyoxdur. Elektron baza yaradılarsa, nə qədər su ehtiyatının olduğunu, onun nə qədərinin suvarmaya, sənayeyə, nə qədərinin əhalinin içməli suya olan tələbatını ödəməyə lazım olduğunu bilərik".
O qeyd edir ki, belə olan halda su itkisini də xeyli azaltmaq olar: "Əks halda səhralaşma baş verəcək. Səhralaşma isə yalnız ekoloji deyil, həm də sosial-iqtisadi və siyasi məsələdir. Çünki səhralaşma cəmiyyətin bütün sahələrini əhatə edir. Məsələn, Neftçala ərazisində yaşayan əhali su tapa bilmirsə, səhralaşma gedirsə, sahələr məhv olursa, o zaman sakinlər nə edəcək? Təbii ki, belə olan halda miqrasiya süətlənəcək. Belə olan halda şəhərlərdəki problemlər daha da böyüyəcək. Baxın, indinin özündə kəndlərdən nə qədər adam iş üçün şəhərlərə axın edir. Əgər o torpaq onları yedizdirsəydi, iş olsaydı onlar heç vaxt bura üz tutmazdılar".
Suların düzgün idarə olunmaması problemə yol açır
Mütəxəssisin sözlərinə görə, Azərbaycanda suların düzgün idarə olunmaması qıtlığın yaranmasının əsas səbəblərindən biridir.
Mütəxəssis bildirir ki, çaylarımızda sululuq süni şəkildə xeyli miqdarda azalıb: "Öncələr geniş dağ buzlaqlarımız var idi. İndi həmin buzlaqlar demək olar ki, əriyiblər. Əvvəllər 6.5 kv kilometr sahəsi olan buzlaqların sahəsi indi heç 1 kv kilometr də təşkil etmir. Bu buzlaqlar yayda çaylarımızın qidalanması üçün əsas mənbə idi. 5-6 ildən sonra yeni problemlər ortaya çıxacaq. O buzlaqlarla qidalanan çaylar su ilə təmin oluna bilməyəcək və suvarma sistemində problem yaranacaq".
Sudan düzgün istifadənin olamaması səhralaşma prosesinə də səbəb olur
M.İsmayılov bildirir ki, Kür çayı ərazisində Mingəçevirdən Salyana qədər kifayət qədər sululuq müşahidə etsək də, Neftçala əraizisində suyun kəskin şəkildə azaldığının şahidi oluruq: "Bu elə səhralaşma deməkdir. Nəticədə Salyan-Neftçala ərazilərində suvarılan ekosistemlər tamamilə məhv olur, səhralaşma yaranır. Neftçaladan Salayana qədər demək olar ki, çay suyu yoxdur".
"Azərbaycanda su yoxdur, demək olmaz. Lakin sudan istifadədə ciddi problemlər var", - deyə o əlavə edib.
Başqa hansı ərazilərdə səhralaşma var?
M.İsmayılov deyir ki, bu gün bəzi çaylarımız sürətlə quruyur: "Mil düzü ərazisində səhralaşma üçün geniş ocaqlar var, eyni zamanda, Muğan düzü ərazisində də səhralaşma üçün geniş potensial var. Belə sahələrin yenidən istismara verilməsi, istifadə olunması üçün milyardlarla manat pul lazımdır ki, bu da çox çətin prosesdir".
Suyla bağlı digər problem yayda suyun yığlmasından qaynaqlanır
Mütəxəssis deyir ki, yayda suyu toplamaq düzgün deyil: "Hər zaman da deyirik ki, suyu qışda yığmaq lazımdır. Yayda axan suyun qarşısını almaq olmaz. Yayda axan su anbardan buraxılmalıdır. Qış aylarında nə qədər artıq su varsa, su anbarına yığmaq olar. Bunun təbii ki, təsərrüfat sahiblərinə çox böyük xeyri olacaq. Lakin mövcud reallıqda nə baş verir?".
"Su anbarına kifayət qədər su vurulur, çayın aşağısında quruma prosesi gedir. Çay ətrafı ekosistemlərdə deqradasiya prosesi gedir. Hansı ki, həmin ekosistemlər biomüxtəlifliyi qoruyub saxlayırdı. Bu gün artıq biomüxtəliflik təhlükə altındadır. Azərbaycanda ərazilərin 60 faizindən çoxu səhralaşmaya meyillidir. Belə ərazilər də ən çox suvarılan sahələrdir. Ona görə də suvarmanın düzgün aparılması, bununla da səhralaşmanın qarşısınıın alınması vacibdir".
Problemin qarşısını almaq üçün başqa hansı addımlar atmaq olar?
Mütəxəssis bildirir ki, su qıtlığının başladığı dövrdə, 2018-ci ildə də bir təkliflə çıxış edib: "Təklifim bu idi ki, Azərbaycanda 4-5 il ərzində yeni suvarılan sahələr istifadəyə verilməsin. Çünki belə olan halda köhnə suvarma sistemləri ilə çalışan fermerləri su ilə təmin etmək çətinləşəcək".
Kənd təsərrüfatında nələr etmək lazımdır?
Ümumiyyətlə bu baş verənlərə əsasən kənd təsərrüfatında ciddi dəyişikliklərə ehtiyac var. Kənd təsərrüfatında suya az tələbatı olan bitkilərin əkilməsinə üstünlük verilməlidir. Kənd təsərrüfatında elə strateji sahələrimiz var ki, onlaırn inkişafına daha çox diqqət ayrılmalıdır. Nazirliyin nəzdində müəyyən institutlar var ki, onlar da quraqlığa davamlı sortların yaradılmasının üzərində işlər aparmalıdırlar.