BAKI, 14 noyabr — Sputnik. OPEC 2022-ci il üçün təşkilata daxil olmayan ölkələrdə neft hasilatı proqnozunu gündəlik 24 min barel azaldıb.
Bu barədə qurumun noyabr ayı üzrə hesabatında deyilir.
Hesabata görə, ilin sonunda hasilatın həcmi hələ də orta hesabla gündəlik 65,6 milyon barel, 2023-cü il üçün isə gündəlik 67,1 milyon barel səviyyəsində qiymətləndirilir. Gələn il üçün proqnoz ötən ayın proqnozu ilə demək olar, eynidir.
OPEK-ə görə, bu ildə neft hasilatını ən çox ABŞ, Kanada, Çin, Braziliya və Qayana artıracaq. Tailand və Norveçdə isə hasilat əksinə azala bilər. Gələn ildə artım əsasən ABŞ, Norveç, Braziliya, Kanada, Qazaxıstan və Qayana hesabına təmin ediləcək. Rusiya və Meksikada isə hasilatın azalacağı proqnozlaşdırılır.
"OPEC plus" sazişinin üzvü olan ölkələr oktyabrın 5-də Vyanada keçirilən görüşdə neft hasilatını noyabrda sutkada 2 milyon barel azaltmaq barədə razılığa gəliblər, həmçinin sazişin müddətini 2023-cü ilin sonuna qədər uzadıblar. Güman edilir ki, Rusiya və Səudiyyə Ərəbistanı avqust ayı ilə müqayisədə gündəlik neft hasilatını 526 min barel azaldaraq 10,478 milyon barelə qədər çatdıracaq. Alyans ölkələrində neft hasilatının ümumi səviyyəsi sutkada 41,856 milyon barel təşkil edəcək. Vaşinqton "OPEC plus"un qərarını kəskin tənqid edib.