BAKI, 14 noyabr — Sputnik. Azərbaycanda gələn ildən pensiyaçıların sayı artacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu, "Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında" qanun layihəsinə Hesablama Palatasının rəyində öz əksini tapıb.
Artımın səbəbi nədir?
Hesablama Palatası növbəti ildən başlayaraq pensiyaçıların sayında nəzərdə tutulmuş artımın əsasən həm pensiya təyinatı üçün müraciət edəcək şəxslərin sayının artması, həm də qanunvericilik üzrə şərtlərin optimallaşdırılması ilə əlaqəli olması qənaətindədir.
Pensiyaçıların ümumi sayı 1 milyon 200,5 min nəfər olub
Sənədə əsasən, orta aylıq pensiya məbləğinin dəyişməsinə təsir edən amillərdən biri də pensiyaçıların say göstəricisidir. Cari ilin 1 yanvar tarixinə tərtib edilmiş statistik hesabata əsasən ölkə üzrə pensiyaçıların ümumi sayı 1 milyon 200,5 min nəfər olub ki, bunun da 707 min nəfəri yaşa görə, 347,3 min nəfəri əlilliyə görə və 146,2 min nəfəri isə ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərdir.
1 iyul tarixinə tərtib edilmiş statistik hesabatda isə ümumi pensiyaçıların sayında 41,3 min nəfər, yaşa görə pensiya alan şəxslərin sayında 6 min nəfər, əlilliyə görə pensiya alan şəxslərin sayında 38,3 min nəfər azalma, ailə başçısını itirməyə görə pensiya alan şəxslərin sayında isə 3 min nəfər artım qeydə alınıb.
2018-ci ildən başlayaraq pensiyaçıların sayında azalma var
Qeyd edək ki, pensiyaçıların sayında baş verən azalma 2018-ci ildən başlayaraq müşahidə edilir. Bu da 2017-ci ilin 1 iyul tarixindən "Əmək pensiyaları haqqında" qanuna edilmiş dəyişiklikdən sonrakı dövrdə pensiya təyinatı üzrə müəyyən edilmiş şərtlərin əvvəlki illərlə müqayisədə sərtləşdirilməsi və nəticədə pensiya hüququ qazanan şəxslərin sayının qeydiyyatdan çıxarılan şəxslərin sayından az olması ilə əlaqədardır.
2020-ci illə müqayisədə 2021-ci ildə yeni qeydiyyata alınmış pensiya işlərinin sayında müşahidə olunan nəzərəçarpacaq artım əsasən həmin dövrdə yaşa və ailə başçısını itirməyə görə pensiya növləri üzrə pensiya hüququ qazanmış şəxslərin sayında artım hesabına formalaşıb. Cari ilin I yarısında isə ümumilikdə 25 min 921 yeni pensiya işi qeydiyyata alınıb ki, bu da əvvəlki ilin illik göstəricisinin 57,4%-i səviyyəsindədir.
Cari ildə güzəştli şərtlərlə pensiya təyinatı üzrə şərtlərin mövcud göstəricilərə münasibətdə optimallaşdırılması baxımından "Əmək pensiyaları haqqında" qanuna edilmiş dəyişikliklə nəticədə iş şəraiti ağır və zərərli işlərdə işləyən daha çox şəxsə pensiyanın təyin edilməsi imkanı yaranıb.
"Sosial müavinətlər haqqında" qanuna əsasən yaşa, əlilliyə və ailə başçısını itirməyə görə sosial müavinətlər şəxsin pensiya hüququ olmadıqda təyin edilir.
Bu il sosial müavinətlərdə də artım özünü göstərir
Sənədə əsasən, cari ilin I yarısında yaşa görə sosial müavinət təyin edilmiş şəxslərin sayı 2021-ci ilin illik göstəricisinin 68,5%-i, əlilliyə görə müavinət təyin edilmiş şəxslərin sayı isə müvafiq olaraq, 53,2%-i həcmində olub. Göründüyü kimi, cari ildə artım tendensiyası yalnız pensiyada deyil, eyni zamanda sosial müavinətlərdə də özünü göstərir ki, bu da müraciət etmək hüququ qazanan şəxslərin sayındakı artımı əks etdirir.
Cari ilin birinci yarısında uçotdan çıxarılmış pensiya işlərinin sayı 2021-ci ildə uçotdan çıxarılmış pensiya işlərinin sayının 86,6%-i həcmində olub. Cari ildə bu tempin yüksək olması əsasən əlilliyə görə pensiya işlərinin uçotdan çıxarılması hesabına baş verib.
Hesablama Palatasının rəyinə görə, əlilliyə görə təyin edilmiş pensiya işlərinin sayında müşahidə edilən azalma əvvəlki dövrlərdə barəsində əlillik dərəcəsi müəyyən edilmiş şəxslər tərəfindən əlillik dərəcəsinin qüvvədə olma müddəti başa çatdığı hallarda müddətin artırılması üçün yenidən müraciət edilməməsi, yaxud müraciət edilməsi hallarında isə çox zaman göstəricilərin əlilliyin müəyyən edilməsi üçün əsaslı olmaması səbəbindən əlillik dərəcəsinin ləğv edilməsi və nəticədə pensiya ödənişinin dayandırılması ilə izah oluna bilər.
Qeyd edilməlidir ki, 2017-ci ildə qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində həm yaşa görə, həm də əlilliyə görə yeni təyin edilmiş pensiya işlərinin sayının kəskin azalmasının qarşısının alınması məqsədilə 2019-cu ilin yanvar ayından "Əmək pensiyaları haqqında" qanuna "Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri" adlı maddə əlavə edilib. Bu maddəyə əsasən 2019-cu il 1 yanvar tarixindən başlayaraq şəxsə əmək pensiyası təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduğu halda yaşa görə əmək pensiyası növündə onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, əlilliyə görə əmək pensiyası növündə isə onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır.
"Əmək pensiyaları haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsinə əsasən qeyd edilən güzəştlər 2025-ci ilin sonunadək artırılır. Bu da mövcud şərtlər daxilində pensiya hüququ qazanan şəxslərin sayının sabitliyinin qorunması baxımından, eləcə müəyyən edilmiş yaş həddinə çatmış, yaxud əmək qabiliyyətini itirmiş şəxslərin sosial müdafiəsi baxımından effektiv addımdır.
Hazırda mövcud qanunvericiliyə əsasən yaşa görə pensiya təyinatı üçün müraciət etmiş şəxsin 2006-cı ilin 1 yanvar tarixinədək 24 il sığorta (əmək) stajı olduğu, 2006-ci ilin yanvar ayından 2018-ci ilin iyul ayınadək olan, eləcə də sonrakı dövrdə isə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı halda ona əmək pensiyasının təyin edilməsindən imtinaya dair qərar qəbul edilir. Başqa sözlə, şəxsin 2006-ci ilin 1 yanvar tarixinədək olan dövrdə ölkə iqtisadiyyatının formalaşmasında iştirak etməsinə və sosial sığorta haqqı ödəməsinə baxmayaraq, nəticədə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi həmin şəxsin pensiya hüququndan məhrum olmasına səbəb olur.
Gələn ilin sonuna pensiyaçıların sayının 1 milyon 127,3 min nəfər olacağı proqnozlaşdırılır
Hesablama Palatasının rəyinə görə, növbəti ilin əvvəlində pensiyaçıların sayının 1 milyon 118,1 min nəfər, ilin sonuna isə 1 milyon 127,3 min nəfər olacağı proqnozlaşdırılır. Başqa sözlə, növbəti ilin əvvəli ilə müqayisədə sonunda pensiyaçıların sayında müsbət dinamikanın olacağı proqnozlaşdırılır. Bu da kişilər üzrə yaşa görə pensiyanın təyin edilməsi üçün müəyyən edilmiş yaş həddinin sabitləşməsi, müraciət hüququ qazanan şəxslərin sayının artması nəticəsində yeni təyin edilmiş işlərin sayının uçotdan çıxarılmış işlərin sayından çox olması ilə əlaqədardır.
DSMF-nin gəlir və xərcləri 11,73% artırılır
Onu da bildirək ki, gələn il Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri bərabər olmaqla 6 milyard 263,97 milyon manat proqnozlaşdırılır. Bu, 2022-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 657,70 milyon manat və ya 11,73% çoxdur.