BAKI, 14 noyabr - Sputnik. Milli Enerji Təhlükəsizliyi Fondunun rəhbərinin müavini Aleksey Qrivaç RİA Novosti-yə şərhində bildirib ki, Avropada qazın birja qiymətləri soyuqların gözləntiləri və Norveçdən tədarüklə bağlı problemlər səbəbindən artıb.
London ICE birjasının məlumatına görə, Hollandiyada yerləşən Avropanın ən böyük mərkəzi TTF indeksinə əsasən Avropada dekabr ayı qaz fyuçerslərinin qiymətləri bazar ertəsi günü 20% artaraq min kubmetr üçün 1245 dollara çatıb.
"İndi qiymət artımına iki əsas amil səbəb olur: hava proqnozu (Avropada ilk ciddi soyutma, Berlində şaxtalara qədər gözlənilir) və Norveçdən qaz təchizatı ilə bağlı problemlər. Bu gün gündəlik nominasiyalar təxminən 7% azalıb. İki yataqda baş verən yanğınla əlaqədar. Bərpa hələ məlum deyil”, - Qrivaç bildirib.
Bundan əlavə, ekspert qeyd edib ki, bazar ertəsi Norveçdəki böyük qaz emalı zavodunda (burada qaz Langeled qaz kəməri ilə Böyük Britaniyaya tədarük üçün hazırlanır) işçilər təxliyə edilib və polis gəlib. Qrivaç qeyd edib ki, təfərrüatlar açıqlanmayıb.
“Norveç QNS operatorunun bəyanatına görə, insident qaz axınının azalmasına səbəb olmasa da, açıq-aydın bazarda treyderlərin əsəbiliyini artırıb”, - ekspert yekunlaşdırıb.
Bundan əvvəl, martın əvvəlində, Rusiya enerji resurslarının idxalına qadağa qorxusu səbəbindən, birja qaz kotirovkaları dörd gün ardıcıl olaraq tarixi maksimumlarını yenilədi. Hər min kubmetr üçün 3892 dollar qiymət rekordu martın 7-də əldə olunub. Aprel-may aylarında qazın qiyməti aşağı düşsə də, yayda yenidən bahalaşıb, avqustda isə orta hesablaşma qiyməti 2450 dolları keçib ki, bu da 1996-cı ildən Avropanın qaz qovşaqlarının tarixində rekord göstərici olub.
Payızda kotirovkalar azalmağa başladı. Sentyabrda ən yaxın fyuçerslərin orta hesablaşma qiyməti 2093 dollar olub, oktyabrda isə min kubmetr üçün 1377 dollara düşüb. Analitiklər bunu Avropada qaz anbarlarının yüksək səviyyədə doldurulması və enerjiyə qənaət və havaların isti keçməsi səbəbindən “mavi yanacağa” tələbatın azalması ilə əlaqələndiriblər.